Türk mütəxəssis: Azərbaycan-Özbəkistan ittifaqı Türk dünyasında yeni geosiyasi xətt formalaşdırır
Bakı, 25 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin avqustun 23-24-də Özbəkistana dövlət səfəri Bakı ilə Daşkənd arasında münasibətlərin mövcud səviyyəsini nümayiş etdirməklə yanaşı, Türk dünyasında və Avrasiya coğrafiyasında formalaşan yeni strateji reallıqların qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfərdən əvvəl, UzA-ya müsahibəsində Prezident İlham Əliyevin Azərbaycan-Özbəkistan münasibətlərinin “ittifaq” səviyyəsinə çatdığını vurğulaması iki ölkə arasındakı əlaqələrin siyasi bəyanatlar çərçivəsindən çıxaraq institusional, iqtisadi və geosiyasi məzmun qazandığını göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında beynəlxalq münasibətlər üzrə türk mütəxəssis Mehmet Gökhan Özçubukçu deyib.
Ekspert bildirib ki, Azərbaycan-Özbəkistan münasibətləri artıq yalnız iki qardaş ölkə arasında siyasi və iqtisadi əlaqələr çərçivəsində qiymətləndirilə bilməz. Bakı–Daşkənd xətti Mərkəzi Asiyanın mərkəzini Xəzər vasitəsilə Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən daha geniş strateji bağlantının mühüm elementinə çevrilir. Azərbaycan ilə Özbəkistan arasında formalaşan ittifaq Türk dünyasının şərq və qərb istiqamətləri arasında yaranan yeni geosiyasi xəttin diqqətçəkən nümunələrindən biridir. Azərbaycan və Özbəkistan arasında münasibətlərin bugünkü səviyyəyə çatması qısamüddətli diplomatik inkişafın nəticəsi deyil. Son illərdə intensivləşən qarşılıqlı yüksəksəviyyəli səfərlər, siyasi məsləhətləşmələr, iqtisadi və investisiya mexanizmləri, eləcə də nəqliyyat sahəsində həyata keçirilən birgə layihələr münasibətlərin mərhələli şəkildə institusional əsasda inkişafını təmin edib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, son beş il ərzində iki ölkə liderləri arasında 15 yüksəksəviyyəli qarşılıqlı səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyini göstərir. Avqustun 23-də Daşkənddə imzalanmış Əbədi dostluq haqqında Müqavilə iki ölkə arasındakı münasibətlərin əldə etdiyi strateji səviyyənin hüquqi çərçivəsini daha da möhkəmləndirir.
Azərbaycanın Mərkəzi Asiyada artan rolu
M.G.Özçubukçu Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri formatında tamhüquqlu iştirakının regionun geosiyasi və iqtisadi xəritəsində mühüm dəyişiklik olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan coğrafi baxımdan Mərkəzi Asiyanın tərkib hissəsi deyil. Lakin Xəzər dənizinin qərb sahilində yerləşməsi və Mərkəzi Asiyanın Avropaya çıxışında mühüm mövqeyə malik olması Azərbaycanı bu regionla Avropa arasındakı bağlantının əsas aktorlarından birinə çevirir. Buna görə də Azərbaycanın bu formata qoşulmasını yalnız yeni iştirakçının əlavə olunması kimi qiymətləndirmək düzgün olmazdı. Burada Xəzər mərkəzli daha geniş geoiqtisadi çərçivənin formalaşmasından söhbət gedir.

Mütəxəssis hesab edir ki, bu yeni geosiyasi və geoiqtisadi quruluşun mərkəzində Orta Dəhliz dayanır. Çindən başlayan, Mərkəzi Asiya üzərindən Xəzər dənizinə çatan, daha sonra Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Avropaya uzanan Trans-Xəzər bağlantısı alternativ nəqliyyat marşrutlarına tələbatın artdığı bir dövrdə strateji əhəmiyyətini daha da artırır. Azərbaycanın Bakı və Ələt limanları, Ələt Azad İqtisadi Zonası, dəmir yolu bağlantıları, Bakı–Tbilisi–Qars xətti və Türkiyə ilə inkişaf edən nəqliyyat əlaqələri ölkənin coğrafi üstünlüyünü real tranzit potensialına çevirir. Özbəkistan üçün Azərbaycan Mərkəzi Asiyanın qərbə açılan mühüm bağlantı məntəqələrindən biridir.
Ekspert Azərbaycan-Özbəkistan münasibətlərini Türk Dövlətləri Təşkilatı çərçivəsində gedən proseslərin tərkib hissəsi sayaraq bildirib: “Türk Dövlətləri Təşkilatı ortaq tarix və mədəniyyət əsasında formalaşan əlaqələri siyasi, iqtisadi, nəqliyyat, enerji, təhsil və texnologiya sahələrində konkret əməkdaşlığa çevirmək üçün mühüm institusional platformadır. Azərbaycanın burada rolu Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasındakı bağlantının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Qazaxıstan və Özbəkistan kimi Mərkəzi Asiyanın aparıcı dövlətləri ilə münasibətlərin dərinləşməsi Xəzərin iki sahilində daha güclü əməkdaşlıq məkanı yaradır. Türk dünyasında formalaşan yeni əməkdaşlıq modeli artıq yalnız ortaq tarix, dil və mədəniyyət amilləri ilə məhdudlaşmır. Nəqliyyat dəhlizləri, limanlar, dəmir yolları, enerji xətləri, investisiya mexanizmləri, ticarət əlaqələri və rəqəmsal infrastrukturlar üzərindən qarşılıqlı bağlılığın daha sistemli şəkildə qurulması prosesi gedir. Azərbaycanın Xəzər hövzəsində, Cənubi Qafqazda, Türkiyə və Avropa istiqamətində malik olduğu coğrafi və geoiqtisadi imkanlar bu prosesdə ölkənin rolunu daha da artırır. Bakı bir tərəfdən Cənubi Qafqazdakı mövqeyini möhkəmləndirir, digər tərəfdən Mərkəzi Asiya ilə daha institusional əlaqələr qurur və Xəzər mərkəzli kommunikasiya layihələrində fəal iştirak edir”.
Müxbir- Səbinə Əlizadə