“Türk-tatar dilinin qrammatikası” türkologiyanın elmi inkişafında xüsusi bir mərhələdir
Bakı, 18 noyabr, AZƏRTAC
Türkoloji düşüncənin tarixi qədimdir. Bu inkişafı mərhələlərə ayırsaq, birinci mərhələdə ayrı-ayrı səyyahların, coğrafiyaşünasların, tarixçilərin əsərlərində türkologiya ilə bağlı fikirləri yer alır. Əlbəttə, bunları elmi türkologiya hesab etmək olmaz. Mahmud Kaşğarinin bizim türkologiyamızın bünövrəsində dayanan “Divani-luğat-it türk” əsəri elmi türkologiyaya dair ilk qaynaqlardan biridir. Birinci mərhələ uzun bir tarixi dövrü əhatə edən mərhələdir. Bura Rəşidəddinin “Oğuznamə”si, “Şəcəreyi-tərakimə” və Mahmud Kaşğarinin “Divani-luğat-it türk” əsəri, eləcə də ayrı-ayrı səyyah və coğrafiyaşünasların əsərlərindəki türkoloji fikirlər daxildir. Elmi türkologiyanın yaranması isə ikinci mərhələdir. Artıq bu mərhələ XIX əsrin ikinci yarısından sonra Mirzə Kazım bəyin “Türk-tatar dilinin qrammatikası” ilə başlayır. Mirzə Kazım bəy bu kitabı ilk dəfə 1839 və 1848-ci illərdə çap etdirib. Kitab türkologiyanın elmi inkişafında xüsusi bir mərhələdir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər dilçi alim, professor Buludxan Xəlilovun “Türkologiyanın tarixi: XX əsrin 20-30-cu illəri” kitabında yer alıb. Kitabda Birinci Türkoloji Qurultay ərəfəsində türkoloji düşüncənin məqsəd və məramının nədən ibarət olduğu tədqiq edilir. Eyni zamanda, Səməd Ağamalıoğlu ilə Mehmet Emin Yurdakulun türkoloji düşüncə fərqləri qarşılaşdırılır, onların türkoloji düşüncənin inkişafında göstərdikləri xidmətlərin vacib məqamlarına geniş yer verilir. Bundan əlavə, yeni əlifba uğrunda mübarizədə Krım və Türküstan ellərində 1924-cü ildə cərəyan edən hadisələr analiz olunur.
Nəşrin elmi redaktoru akademik Nizami Cəfərov, rəyçiləri professorlar Məmmədəli Qıpçaq və Adil Babayevdir.