Türkan qəsəbəsində keçirilən aksiyada 1500 zeytun ağacı əkilib
Bakı, 8 noyabr, AZƏRTAC
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan nümayəndəliyi və KOICA Azərbaycanlı Məzunlar Assosiasiyası (KOAZ) tərəfindən Xəzər rayonunun Türkan qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Aksiyada Koreya Respublikasının Azərbaycandakı səfirliyinin və Xəzər Rayon İcra Hakimiyyətinin rəsmiləri, həmçinin Koreya Dövlət Təqaüd Proqramının məzunları iştirak ediblər. Tədbir iştirakçıları Türkan qəsəbəsində əsas yol kənarlarının yaşıllaşdırılmasına kömək etmək məqsədilə 1500 zeytun ağacı əkiblər.
KOICA-nın Azərbaycan nümayəndəliyinin direktoru Choi Yonjae təmsil etdiyi qurumun ölkəmizdəki fəaliyyəti barədə məlumat verib. O, aksiyada 30-dək məzunun iştirak etdiyini diqqətə çatdırıb, könüllülərin fəallığını yüksək qiymətləndirib.
Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova aksiyanın əhəmiyyətini vurğulayaraq belə layihələrin ölkələrimiz arasındakı əməkdaşlığın inkişafına töhfə verdiyini bildirib.
KOAZ-ın üzvü Zülfiyyə Əlizadə isə rəhbərlik etdiyi qurumun məzunlarının Koreya Respublikasında əldə etdikləri bilik və bacarıqları Azərbaycan cəmiyyəti ilə bölüşdüklərini vurğulayıb. O, ağacların əkilməsinin, ətraf mühitin mühafizəsinin gələcək nəsillər üçün atılan addım olmaqla yanaşı, davamlı inkişafın möhkəm təməlini təşkil etdiyini söyləyib.
KOICA Azərbaycan hökuməti ilə qrant layihələri həyata keçirməklə yanaşı, ölkəmizdə internat məktəbləri və uşaq evlərinə də xeyriyyə səfərləri təşkil edir. KOICA və KOAZ xeyriyyə aksiyalarına 2012-ci ildə Sumqayıtdakı internat məktəbinə səfərlə başlayıb. 2013-cü ilin may və noyabr aylarında isə hər iki qurum Füzuli rayonundakı uşaq bağçasına səfər edib. Ötən ilin oktyabrında isə Xəzər rayonundakı 3 nömrəli əqli və fiziki qüsurlu uşaq internat məktəbinə baş çəkilib.
KOICA inkişaf etməkdə olan ölkələr üçün qrant və əməkdaşlıq proqramları həyata keçirmək məqsədilə 1991-ci ildə Koreya Respublikası Xarici İşlər və Ticarət Nazirliyi tabeliyində yaradılmış dövlət agentliyidir. KOICA-nın Azərbaycan nümayəndəliyi 2009-cu ilin fevralında fəaliyyətə başlayıb. Koreya hökuməti 1991-2014-cü illər arasında KOICA layihələrinin həyata keçirilməsinə 48 milyon dollar vəsait ayırıb. KOICA 1994-cü ildən başlayaraq azərbaycanlı dövlət qulluqçularını və tələbələri müxtəlif təlim və təqaüd proqramlarına dəvət edib.