Türkiyə-Azərbaycan qardaşlığı
Bakı, 30 sentyabr, AZƏRTAC
Türkiyə həmişə olduğu kimi Azərbaycanın haqq davasında da onu yalnız qoymayaraq bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, bu haqq davasında heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan etdi. Türkiyənin Ermənistan ilə sərhədlərinin bağlanması o vaxt Azərbaycana göstərilən həmrəylik aktının təcəssümü idi. Müharibənin ilk günlərindən Türkiyə Respublikasının Prezidenti açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. 44 günlük Vətən müharibəsi dövründə mənəvi dəstək olmaq üçün Türkiyənin müdafiə naziri, xarici işlər naziri, digər yüksəkvəzifəli rəsmilər dəfələrlə ölkəmizə səfər edərək yanımızda olduqlarını nümayiş etdirdilər və birmənalı olaraq Azərbaycana dəstək verdilər. Bu, Azərbaycana çox böyük siyasi və mənəvi dəstək oldu. Bu dəstək şanlı Qələbəmizdən sonra da davam etməkdədir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Əminə Ağazadə deyib.
Onun sözlərinə görə, 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanata əsasən Rusiya-Türkiyə Monitorinq Mərkəzi artıq fəaliyyət göstərir. Monitorinq mərkəzi postmüharibə dövrü üçün çox önəmlidir, belə ki, ola biləcək hər hansı gərginlik mərkəz tərəfindən izlənilərək qarşısı alınması üçün operativ şəkildə tədbirlər görüləcək. “Həmin mərkəzdə Türkiyənin olması bizim üçün çox önəmli bir haldır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qardaş Türkiyənin dəstəyi ilə Azərbaycanda Türk Ordusunun kiçik modeli yaranmaqdadır. Artıq bu sahədə praktiki işlərə başlanılıb. Regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı Türkiyə ilə fikir ayrılığı yoxdur, hədəflərimiz eynidir. Müharibədən sonrakı dövr regionda əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün imkanlar yaradır. Azərbaycan Prezidentin Türkiyə, Rusiya, İran dövlət başçıları ilə görüşləri və fikir mübadiləsi onu deməyə əsas verir ki, onlar ortaq mövqedədirlər”, - deyə Ə.Ağazadə bildirib.
Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşması bölgədə marağı olan böyük güclərin - Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı və Rusiyanın da maraq dairəsində olduğunu vurğulayan deputat deyib: “Bunların hər birinin Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasında özünəməxsus gözləntiləri var. Biri üçün Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Cənubi Qafqazda sülh və əmin-amanlığın yaradılması, bölgə ölkələrinin Avropaya daha sıx inteqrasiya olunması, demokratiyanın inkişafı, enerji resurslarının dünya bazarlarına təhlükəsiz daşınması, bir başqası üçünsə bölgə üzərindəki nəzarəti itirməməsidir. İndiki halda, 44 günlük Vətən müharibəsindən sonra, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Azərbaycan üçün də mənfi hal kimi qəbul edilmir. Əslində ölkəmizin bölgənin inkişafı və davamlı sülh içində yaşaması ilə bağlı gözləntilərini nəzərə alsaq Azərbaycan tərəfi, sərhədlərin açılmasını və münasibətlərin normallaşmasını dəstəkləyə də bilər. Bir şərtlə ki, Ermənistan tərəfi revanşist fikirlərdən əl çəkməli və əsassız ərazi iddialarını, ümumiyyətlə, gündəmdən çıxarmalıdır. Bir şey də vurğulanmalıdır ki, bu, Türkiyənin öz qərarıdır. Azərbaycan isə qardaş Türkiyənin verdiyi hər qərarda onu dəstəkləməyə davam edəcək”.