Türkiyə Gənclər Fondunun nümayəndə heyəti Gənclər və İdman Nazirliyində olub
Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycanda səfərdə olan Türkiyə Gənclər Fondunun (TÜGVA) direktoru Enes Eminoğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin Gənclər və İdman Nazirliyində (GİN) görüşü keçirilib.
GİN-dən AZƏRTAC-a bildiriblər ki, gənclər və idman nazirinin müavini İntiqam Babayevin iştirakı ilə keçirilən görüş zamanı ulu öndər Heydər Əliyevin müəllifi olduğu “Bir millət, iki dövlət” prinsipinin hazırda dünyaya daha geniş nümayiş olunduğu, iki ölkə arasında sıx dostluq və qardaşlıq birliyinin tarixi köklərinin mövcudluğu xüsusi vurğulanıb.
Qonaqlara Ermənistanın təcavüzü, dinc sakinlərə qarşı törədilən terror və Azərbaycan Ordusunun ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində əldə etdiyi uğurlar haqqında ətraflı məlumat verilib. Eyni zamanda, Gənclər və İdman Nazirliyi və Türkiyə Gənclər Fondu ilə gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.