Türkiyə KİV-ləri idmansevərləri Formula-1 xəbərləri ilə məlumatlandırıb
İstanbul, 21 iyun, AZƏRTAC
Türkiyənin aparıcı kütləvi informasiya vasitələri Formula-1 Avropa Qran-pri yarışının bağlanış mərasimi ilə bağlı türkdilli oxucuları məlumatlandırıb. İnformasiyalarda diqqətə çatdırılır ki, Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Formula-1 Avropa Qran-prisinin açılış mərasimini və final yarışını izləyiblər.
Anadolu Agentliyi, “Milliyyət” və “Yeni şəfəq” qəzetləri, www.haberturk.com, tr.eurosport.com, www.haberturk.com , www.turktime.com saytları və digər xəbər portalları yarışın təşkili və nəticələri ilə bağlı maraqlı yazılar yayıblar. Bağlanış mərasimində təşkil olunan möhtəşəm bədii proqramlara dair fotosessiyalar təqdim olunub. Yazılarda yarışın yüksək peşəkarlıqla təşkil olunması, Azərbaycan xalqının qonaqpərvərliyi, ölkə əhalisinin bu yarışı yüksək sevinclə qarşılamasına dair xoş ifadələr əks olunub.
KİV-lərdə “Azərbaycanda Formula-1 həyəcanı”, “Bakıda Formula-1 həyəcanı”, “Bakı küçələrində Formula-1 sevinci”, “Azərbaycan yarışlarının kralı Niko Rosberq” kimi sərlövhəli maraqlı yazılar işıq üzü görüb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul