Türkiyə mütəxəssisləri sığorta sahəsində beynəlxalq təlimlər keçirəcəklər
Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı tərəfindən ölkəmizin sığorta sektorunun beynəlxalq təcrübəyə uyğun inkişafının təmin edilməsi məqsədilə həyata keçirilən silsilə tədbirlərin davamı olaraq Türkiyənin peşəkar sığorta mütəxəssislərinin cəlb edilməsi yolu ilə sığorta sahəsində peşəkar kadrların hazırlığının daha da gücləndirilməsi üçün sistemli və ardıcıl təlimlər proqramı təşkil ediləcək. Bu məqsədlə Mərkəzi Bank, Türk Sigorta Enstitüsü Vakfı (TSEV) və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) arasında müvafiq əməkdaşlığa dair razılıq əldə olunub.
ASA-dan AZƏRTAC-a bildirilib ki, razılığa əsasən, bu təlimlər proqramı vasitəsilə aktuar ixtisası da daxil olmaqla prioritet istiqamətlər müəyyən edilərək sığorta sahəsində çalışan kadrların nəzəri bilik və bacarıqlarının artırılması, həmçinin praktiki vərdişlərin inkişaf etdirilməsi qarşıya hədəf kimi qoyulub. Təlimlər sığorta sektoru ilə yanaşı, digər qurumlarda çalışan oxşar bilik və bacarıqların tələb olunduğu kadrları, habelə minimum tələblərə cavab verən şəxsləri də əhatə edəcək. Proqram çərçivəsində həyata keçiriləcək aktuar təlimləri dörd mərhələdən ibarətdir və hər mərhələnin sonunda imtahan təşkil olunacaq. Qeyd edilən aktuar imtahanlarından ikisi sırf həyat sığortası və qeyri-həyat sığortası üzrə praktiki tətbiqləri əhatə edəcək. Həmin iki mərhələ imtahanlarının uğurlu nəticəsi aktuar şəhadətnaməsinin əldə edilməsi üçün təşkil ediləcək aktuar imtahanlarından keçidin minimum şərti olaraq nəzərdə tutulub. Hər bir mərhələnin təlim məzmunu ölkəmizdə aktuar peşəsi üzrə mövcud vəziyyət ətraflı təhlil edilməklə TSEV-lə birlikdə tərtib olunub. Təlimlər və müvafiq imtahanlar TSEV-in Amerika, Kanada, Böyük Britaniya, Türkiyə kimi ölkələrdə aktuar üzrə beynəlxalq dərəcələr almış təlimçiləri tərəfindən onlayn formada təşkil ediləcək. Təlimin ilk mərhələsinin bu ilin noyabr ayının ortalarında təşkil edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, ödənişli əsaslarla təşkil ediləcək bu təlim layihəsinin hər mərhələsini müvəffəqiyyətlə bitirən iştirakçıya beynəlxalq dərəcəli sertifikatlar təqdim ediləcək.