Türkiyə üçün humanitar yardım kampaniyasına Yevlax rayonu da qoşulub
Gəncə, 10 fevral, Elcan Məmmədov, AZƏRTAC
Qardaş Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara göstərilən humanitar yardım kampaniyasına Yevlax Rayon İcra Hakimiyyəti də qoşulub.
Fevralın 10-da rayon icra hakimiyyəti tərəfindən göndərilən humanitar yardım Gəncə şəhərində təyin olunmuş məntəqəyə təhvil verilib.
Rayon icra hakimiyyəti başçısının müavini İlqar Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, türk qardaşlarımız üçün zəruri geyim, ərzaq, qida məhsulları və böyük generatorlar yük avtomobilləri ilə gətirilib.
Ümumilikdə ötən üç gün ərzində Gəncə və ətraf rayonlardan toplanan humanitar yardımlar yüklənmiş 7 TIR bu gün Türkiyəyə yola salınıb.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə ard-arda iki güclü zəlzələ baş verib. Zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində həlak olanların sayı 19 min 388-ə, yaralananların sayı isə 77 min 771-ə çatıb.