Türkiyə və Azərbaycanda COVID-19-la mübarizə tədbirləri, vaksinasiyanın gedişatı məsələləri müzakirə edilib
Bakı, 13 oktyabr, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Türkiyənin Acıbadem Səhiyyə Qrupunun Tibb bacıları xidmətinin direktoru Saliha Koç Aslan və qurumun məsul şəxsləri ilə görüşüb.
TƏBİB-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Vüqar Qurbanov Azərbaycan və Türkiyə arasında bütün istiqamətlərdə olduğu kimi səhiyyə sahəsində də mühüm işlər görüldüyünü bildirib. Vüqar Qurbanov vətəndaşların keyfiyyətli səhiyyə xidmətinə əlçatanlığının təmin edilməsi istiqamətində tətbiq olunan icbari tibbi sığortanın böyük rol oynadığını qeyd edib. O, son illərdə ölkə başçısının rəhbərliyi ilə Azərbaycanda müasir standartlara cavab verən xəstəxanaların inşa edilərək istifadəyə verildiyini vurğulayıb.
Çıxış edən Saliha Koç Aslan “Acıbadem Sağlık Hizmetleri ve Ticaret A.Ş.”nin Türkiyə Respublikasında icra etdiyi fəaliyyətlər, COVID-19 pandemiyası zamanı göstərdiyi xidmətlər və peyvəndləmə barədə ətraflı məlumat verib.
Görüş Türkiyə və Azərbaycanda COVID-19-la mübarizə tədbirləri, pandemiya ilə bağlı vəziyyət, vaksinasiyanın gedişatı, tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində qarşılıqlı əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə davam etdirilib.