Türkiyə XİN: Azərbaycanın Vətən müharibəsində Şuşanı xilas edərək qazandığı Zəfərini təbrik edirik
Ankara, 8 noyabr, AZƏRTAC
Azərbaycanın 44 günlük Vətən müharibəsində ötən il noyabrın 8-də mədəniyyət paytaxtı Şuşanı xilas edərək taclandırdığı Zəfərini təbrik edirik.
AZƏRTAC xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin 8 Noyabr - Zəfər Günü münasibətilə yaydığı təbrik açıqlaması bu ifadələrlə başlanır.
Açıqlamada deyilir: “İşğal altındakı torpaqlarını geri qaytarmaq üçün qanuni müdafiə haqqından istifadə edən Azərbaycan noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatda cəbhədəki Zəfərini danışıqlar masasında da qorumuş, illərdən bəri BMT-nin Təhlükəsizlik Şurasının qərarlarını öz iradəsi ilə həyata keçirmişdir.
Azərbaycanın bu Zəfəri ilə zorla yurdundan didərgin edilmiş bir milyon azərbaycanlı qardaşımızın öz evlərinə qayıtmalarından məmnuniyyət duyuruq.
Qarabağ Zəfəri sadəcə işğal altındakı torpaqları azad etməmış, eyni zamanda, həsrətlə gözlədiyimiz regionda davamlı sülh, sabitlik və əməkdaşlığın da yolunu açmışdır. Sürətlə abadlaşdırılan Qarabağ və Şərqi Zəngəzurda Füzuli Beynəlxalq Hava Limanı, Zəfər yolu kimi layihələr Azərbaycanın qurucu gücünün göstəricisidir.
“Bir millət, iki dövlət!”,- inancıyla Şuşa Bəyannaməsi ilə əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz Azərbaycanın sevinc və qürurunu paylaşırıq.
Azərbaycan ilə həmrəyliyimiz əbədiyyətə qədər davam edəcək”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara