DÜNYA
Türkiyədə daha bir təhlükəli PKK terrorçusu məhv edilib
Ankara, 27 sentyabr, AZƏRTAC
Türkiyədə bir sıra terror aktının təşkilatçısı və icraçısı olan daha bir təhlükəli PKK terrorçusu zərərsizləşdirilib.
AZƏRTAC xəbər verir ki, sentyabrın 14-də ölkənin Van bölgəsində daha bir uğurlu antiterror əməliyyatı keçirilib. Əməliyyatda məhv edilən terrorçuların şəxsiyyəti araşdırılarkən müəyyən olunub ki, onlardan biri “Artos” ləqəbli Bayram Başkaladır.
Daxili İşlər Nazirliyi onun tutulması üçün 300 min lirə (təxminən 45 min ABŞ dolları) vəsait ayırmışdı. Terrorçu B.Başkala 2015 və 2018-ci illərdə Van-Çatak, Çatak-Bahçesaray və Çatak-Siirt avtomobil yollarına əldədüzəltmə bomba basdıraraq törədilən terror aktlarının təşkilatçısı olub.
Digər bir məlumatda isə bildirilir ki, Türkiyənin Qars və İğdır bölgələrindəki dağlıq ərazilərdə məskunlaşan PKK terrorçularının zərərsizləşdirilməsi üçün 200 nəfərə yaxın xüsusi təyinatlı antiterror əməliyyatına cəlb olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara