Türkiyədə Nemətullah Naxçıvaniyə həsr olunmuş beynəlxalq konfrans başa çatıb
Naxçıvan, 28 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə AMEA Naxçıvan Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının “Naxçıvandan Konyaya bir körpü: Nemətullah Naxçıvani” layihəsi çərçivəsində Türkiyənin Konya vilayətində keçirilən beynəlxalq konfrans başa çatıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Azərbaycanın Türkiyədəki təhsil müşaviri Nəcibə Nəsibovanın, Ağşəhər bələdiyyə sədri Salih Akkayanın, Səlcuq Universitetinin idarə heyəti üzvlərinin və tələbələrin iştirak etdiyi konfransda əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, “Nemətullahın vətəni Naxçıvan” adlı tanıtım videoçarxına baxış olub.
Daha sonra filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova “Nemətullah Naxçıvani: Naxçıvandan Konyaya bir elm körpüsü”, ilahiyyatçı Ali İhsan Türcan “Baba Nemətullah Naxçıvani və təsəvvüf”, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov “Hidayətül-İhvan əsərində elm və alim”, dosent İbrahim Işıtan “Osmanlıda XV-XVI əsrlərdə təsəvvüf anlayışı”, Əskişəhər Universitetinin müəllimi, doktor Rza Məmmədov “Baba Nemətullah Naxçıvani: insanca var olmaq”, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov “Nemətullah Naxçıvani irsi: tərcümə problemləri”, professor doktor DoğanYörük “Nemətullah Naxçıvaninin yaşadığı illərdə Ağşəhərdə əhali və iqtisadi həyat” mövzularında çıxış ediblər.
Çıxışlarda bildirilib ki, qədim Naxçıvan torpağının yetirdiyi görkəmli mütəfəkkirlərdən biri, orta əsrlərdə yaşamış Nemətullah Naxçıvani türk-islam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr verib, təsəvvüf və təfsir alimi kimi şöhrət qazanıb. Onun elmi dünyagörüşünün formalaşmasında və kamilləşməsində Naxçıvan ictimai-mədəni və elmi mühitinin mühüm təsiri olub, ona “Baba” titulu burada yaşadığı illərdə sufi təriqəti tərəfindən rütbə kimi verilib. Dərin biliyə və yüksək mənəvi keyfiyyətlərə malik Nemətullah Naxçıvaninin digər təfsirlərə müraciət etmədən yazdığı, “Qurani-Kərim”in elmi-nəzəri şərhi olan “Əl-Fəvatih-ülİlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” əsəri islamşünaslığa böyük töhfədir. O, məşhur elmi-fəlsəfi traktat, şərh və risalələrin müəllifi kimi Azərbaycan və Türkiyə elm tarixində mühüm yer tutur.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında” 2018-ci il 29 oktyabr tarixli Sərəncamı görkəmli alimin həyat və yaradıcılığının hərtərəfli tədqiqi ilə bağlı yeni mərhələnin əsasını qoymaqla, ümumilikdə, milli və dini dəyərlərə, elmi irsə yüksək ehtiramın təzahürüdür.
Sonda Naxçıvan nümayəndə heyətinin türkiyəli alimlərə hədiyyələri təqdim olunub.
Konfrans iştirakçıları Konyanın Ağşəhər qəsəbəsində böyük alimin məzarını ziyarət ediblər.
Qeyd edək ki, yuxarıda adı çəkilən sərəncamla təsdiq edilmiş Tədbirlər Planına əsasən onun qəbrinin bərpa olunması məqsədilə tədqiqatçı mütəxəssislər tərəfindən ölçü götürülüb.
Daha sonra konfrans iştirakçıları alimin adını daşıyan İmam Hatib tam orta məktəbində olublar. Məktəbin foyesində Nemətullah Naxçıvani ilə bağlı məlumat lövhəsi və şair Elxan Yurdoğlunun Nemətullah Naxçıvaniyə həsr etdiyi şeiri yer alıb. Bildirilib ki, 2013-cü ildən fəaliyyət göstərən məktəb Ağşəhərdə göstəricilərinə görə nüfuzlu təhsil ocaqlarındandır və burada Nemətullah irsi şagirdlərə layiqincə aşılanır. Ağşəhərdə Nemətullah Naxçıvaninin adını daşıyan daha bir ünvan isə məscid binasıdır.
Naxçıvandan gələn nümayəndə heyətinə beş cildlik “Naxçıvani təfsiri” kitabları təqdim olunub.
Səfər Türkiyənin televiziya və xəbər agentlikləri tərəfindən də işıqlandırılıb.