Türkiyəli alimlər Azərbaycanın qədim tarixi abidələri və maddi mədəniyyət nümunələri ilə tanış olublar
Bakı, 16 yanvar, AZƏRTAC
AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyevin dəvəti ilə Bakıya gəlmiş Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən Türk Arxeologiyası və Mədəni Miras İnstitutunun rəhbəri professor Şaban Doğan və həmin nazirliyin mütəxəssisi, İqlim Fəaliyyəti Birliyinin üzvü, arxeoloq Burcu Bilir Azərbaycan xalqının qədim tarixi abidələri və maddi mədəni nümunələri ilə tanış olublar.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, professor Şaban Doğan və Burcu Bilir Arxeologiya və Antropologiya İnstitutunun İçərişəhərdə yerləşən Muzey-sərgi zalını və Milli Azərbaycan Tarix Muzeyini ziyarət ediblər. Qonaqlar Azərbaycan Respublikası ərazisində aşkar edilmiş və sərgilənməkdə olan, müxtəlif tarixi dövrlərə aid nadir maddi mədəniyyət nümunələri ilə tanış olublar. Həmçinin ziyarət proqramı çərçivəsində türkiyəli alimlər Qobustan Milli Tarix-Bədii Qoruğuna səfər ediblər.
Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev qonaqları burada mühafizə olunan abidələrlə tanış edib. Fikir mübadiləsi əsnasında professor Şaban Doğan bildirib ki, Azərbaycan ərazisində aşkar edilən abidələr və maddi mədəniyyət nümunələri bəşəriyyətin tarixini əks etdirən dünya əhəmiyyətli nadir incilərdəndir.
Türkiyəli qonaqları Arxeologiya və Antropologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Valeh Ələkbərov müşayiət edib.