Türkiyəli jurnalistlər Azərbaycana səfərləri çərçivəsində Qubadakı soyqırımı məzarlığında olmuşlar
Quba, 25 fevral (AZƏRTAC). Xocalı soyqırımı qurbanlarının xatirəsini anma tədbirləri ilə əlaqədar Azərbaycana gəlmiş türkiyəli jurnalistlər Qubadakı kütləvi məzarlığı ziyarət etmişlər.
AZƏRTAC xəbər verir ki, qonaqlar sırasında TRT-nin ərəb bölməsinin müdiri Faysal Ata, “FOX TV”nin xəbər müdiri Ercan Gün, “Bu gün” qəzetinin xarici xəbərlər şöbəsinin müdiri Əmrah Kamil Ülkər, “Kanaltürk” telekanalının xəbər müdiri Ərkan Akkus, “Todays Zaman” qəzetinin baş redaktorunun müavini Cəlil Sağır, “Samanyoluxəbər”in baş redaktoru Enes Engin Sağ, “Zaman” qəzetinin baş redaktorunun müavini Veysəl Ayxan, “KanalD”nin xəbərlər departamentinin rəhbəri Ekrem Açıkel, “Media PR-ı” agentliyinin əlaqələndiricisi Xəlil Soylu yer almışlar.
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Qəhrəman Ağayev türkiyəli jurnalistlərə məzarlıq barədə ətraflı məlumat vermişdir.
Media nümayəndələrinin nəzərinə çatdırılmışdır ki, 2007-ci ilin aprelində aşkarlanmış Quba kütləvi məzarlığından çoxu uşaq, qadın və qocalara məxsus olan 400-dən çox insanın sümükləri tapılmışdır. Aparılmış tədqiqatlar nəticəsində məlum olmuşdur ki, məzarlıqda kütləvi şəkildə basdırılanlar ötən əsrin əvvəllərində erməni silahlıları tərəfindən vəhşicəsinə öldürülən yerli sakinlərdir.
Türkiyəli jurnalistlər bu faktın dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının vacib olduğunu vurğulamış və bu istiqamətdə fəaliyyət göstərəcəklərini bildirmişlər.
Daha sonra qonaqlar Quba Rayon İcra Hakimiyyətində olmuşlar. Burada türkiyəli mətbuat nümayəndələrinə rayonun tarixi və mədəniyyəti barədə ətraflı məlumat verilmişdir.