ELM VƏ TƏHSİL
Türkiyəli professor: Qarabağ mövzusu həll olunub və biz artıq gələcəyə baxırıq
İstanbul, 25 oktyabr, AZƏRTAC
Yaxın keçmişdə, yəni 1990-cı illərdə Qarabağ deyən zaman sual dolu baxışlarla qarşılaşırdıq. Əsasən türk milliyyətçisi, turan sevdalısı olduğumu soruşurdular. Lakin bu gün gəldiyimiz nöqtədə artıq Qarabağ mövzusu həll olunub, bu barədə danışmırıq və gələcəyə baxırıq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. İndi mövzumuz Qərbi Azərbaycan, Azərbaycanın əzəli, tarixi torpaqları və Zəngəzur dəhlizidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında İstanbul Aydın Universitetinin Magistratura Təhsili İnstitutunun direktoru professor Raqıp Kutay Karaca söyləyib.
İstanbulda keçirilən “Qərbi Azərbaycan gerçəkliyi: tarixi həqiqətlər” mövzusunda konfransda iştirak edən professor bugünkü perspektivimizin azərbaycanlıların tarixi torpaqlarına qayıtması olduğunu bildirib: “Bu, mütləq şəkildə müharibə, çaxnaşmalarla baş verəcək bir hadisə deyil. Bu məsələnin həllinin diplomatik və akademik yolları da var. Diplomatlar tərəfindən lazımi tədbirlər görülür, danışıqlar aparılır. Biz də elm adamları olaraq bu işin akademik fəaliyyətini həyata keçiririk. Gənclərimizə o bölgənin tarixi əhəmiyyəti, oranın mənsubiyyəti haqqında məlumatlar veririk. Zəngəzur dəhlizinin gələcək fəaliyyət istiqamətləri və bölgəmizə verəcəyi töhfələr haqqında danışırıq. Bu baxımdan belə tədbirlərin keçirilməsi olduqca vacibdir”.