TÜRKİYƏNİN BAŞ NAZİRİ YENİ İL MÜNASİBƏTİLƏ XALQA MÜRACİƏT ETMİŞDİR
Ölkənin Avropa Birliyinə üzvlüyü ilə əlaqədar 2005-ci ildə son mərhələyə qədəm qoyulduğunu bildirən R.T.Ərdoğan, Türkiyənin artıq Avropanın geridə qalmış dövləti deyil, böyük imkanlar ölkəsi olduğunu vurğulamışdır. Hazırda adambaşına düşən illik milli gəlirin 5 min ABŞ dollarına çatdığını bildirən baş nazir, üç il əvvəl 30 faizdən yuxarı olan inflyasiya səviyyəsinin bu il 8 faizdən aşağı salınmasını hökumətin başlıca iqtisadi nailiyyəti kimi dəyərləndirmişdir.
2006-cı ildə iqtisadi göstəricilərin daha da yüksəldilməsi üçün səylərin artırılması zəruriliyini qeyd edən natiq, bu il Türkiyə tarixində ilk dəfə olaraq çoxillik büdcə sənədinin qəbul edilməsini iqtisadi sabitliyin daha bir nümunəsi adlandırmışdır. Onun sözlərinə görə, 2006-cı il həm də yerli sərmayə ili olacaqdır.
Korrupsiya ilə mübarizənin hökumətin fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu söyləyən R.T.Ərdoğan, üç il bundan əvvəl hakimiyyətə gəldiyi zaman 22 dövlət bankının və özəl bankın korrupsiyaya qurşanması səbəbindən iflas ərəfəsində olduqlarını, bu gün isə həmin bankların əksəriyyətinin mənfəətlə işlədiyini bildirmişdir.
Rəcəb Tayyib Ərdoğan bütün dünya xalqlarını da Yeni İl münasibətilə təbrik etmiş, onlara sülh, rifah və əmin-amanlıq arzulamışdır.