ELM VƏ TƏHSİL
Türkiyənin Elazığ şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib
![](/files/galleryphoto/2023/2/1200x630/16848387134891556497_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16848387134510251188_1200x630.jpg)
Bakı, 23 may, AZƏRTAC
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Türkiyə Cümhuriyyətinin Elazığ şəhərində Fırat Universitetinin və Manas Kültür Mərkəzinin birgə təşkilatçılığı ilə konfrans keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, Fırat Universitetinin professoru, tarix elmləri doktoru Məhəmməd Bəşir Aşan konfransın “Heydər Əliyev və çağdaş Azərbaycan” mövzusunda olduğunu, 100 illiyi qeyd edilən Ulu Öndərin Azərbaycan xalqının tarixində və taleyində oynadığı mühüm rolu, türk dövlətləri arasında iqtisadi, sosial, ictimai-siyasi, ədəbi-mədəni əlaqələrin genişləndirilməsi, intensivləşdirilməsi istiqamətindəki xidmətlərini yeni və maraqlı faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru, professor Asif Rüstəmli “Heydər Əliyev və Türk dünyası” mövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycan-Türkiyə ictimai-siyasi, ədəbi-mədəni əlaqələrinin möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıb. Məruzəçi Ümummilli Liderin türk xalqlarının ortaq ədəbi-bədii abidələrdən olan “Kitabi-Dədə Qorqud”, “Manas” eposlarının yubiley tədbirlərindəki çıxışlarından nümunələr səsləndirib. O, həmçinin Nizami Gəncəvi, Yunus Əmrə, İmadəddin Nəsimi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Məhtimqulu Fəraqi və digərləri haqqında Ulu Öndərin düşüncə və dəyərləndirmələrini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Konfransda Fırat Universitetinin kafedra müdiri professor Ercan Alkaya, fakültə üzvlərindən professor Əhməd Buran, dosent Şəbnəm Fərzəli, Manas Kültür Mərkəzinin rəhbəri Mühəmməd Şener Bulut, Muammer Aksoy, Zekeriyyə Bican və başqaları çıxış edərək Heydər Əliyevin dünya çapında fenomenal şəxsiyyət, dövlət adamı, türk dövlətləri arasında birləşdirici lider olduğunu xüsusi vurğulayıblar.
Elazığlı şairlərdən Tuncer Sönmez, Günerkan Aydoğdu, Hadi Önal, İlhami Bulut, Mahir Gürmüz, Ziya Tunctəkin Azərbaycana və Heydər Əliyevə həsr etdikləri şeirlərini oxuyub, sənətçi-bəstəkar Mustafa Öztürk Ulu Öndərin sevdiyi Azərbaycan mahnılarından ifalar səsləndirib.
Konfransı Elazığ şəhərində fəaliyyət göstərən “Kanal-23” və “Kanal Fırat” televiziya kanalları və “Fırat” qəzeti işıqlandırıb.