Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibi Gürcüstanın Baş naziri ilə görüşüb
Tbilisi, 22 iyun, AZƏRTAC
Gürcüstanda səfərdə olan Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlu Baş nazir İrakli Qaribaşvili ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Gürcüstan Hökumət administrasiyasından məlumat verilib.
Görüşdə regionun sabit və davamlı inkişafının təmin edilməsi üçün qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, iki ölkə arasında mövcud strateji tərəfdaşlıq və əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb.
Baş nazir Türkiyənin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə, eləcə də Avroatlantik inteqrasiyasına verdiyi güclü dəstəyi yüksək qiymətləndirib. Qeyd edib ki, ikitərəfli strateji tərəfdaşlığın təkcə siyasi və iqtisadi istiqamətlərdə deyil, təhlükəsizlik sahəsində də dərinləşdirilməsi vacibdir.
Müzakirələr zamanı regional təhlükəsizliyin və sabitliyin təmin olunması üçün Gürcüstan ilə Türkiyə arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi xüsusi qeyd edilib.
Söhbət zamanı Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli əməkdaşlığının perspektivləri barədə də fikir mübadiləsi aparılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi