TÜRKİYƏNİN QARS ŞƏHƏRİNDƏ DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ MÜNASİBƏTİLƏ MƏRASİM KEÇİRİLMİŞDİR
Azərbaycanın Qarsdakı Baş konsulluğundan AZƏRTAC-a bildirmişlər ki, Qars şəhərində Heydər Əliyevin büstü qoyulmuş meydanda Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr edilmiş izdihamlı mitinq keçirilmişdir. Tədbirdə Qars valisi Nevzat Turhan, ordu və jandarm rəhbərliyi, siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının nümayəndələri, şəhərdə yaşayan və işləyən həmvətənlərimizlə yanaşı, yerli əhali də iştirak edirdi. Baş konsul Həsən Zeynalov, vali və digər rəsmi şəxslər adından ulu öndər Heydər Əliyevin büstü önünə əklillər qoyulmuşdur.
Mitinqdə baş konsul Prezident İlham Əliyevin 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə müraciətinin mətnini iştirakçıların diqqətinə çatdırmışdır.
Qars valisi bayram münasibətilə hamını təbrik edərək Azərbaycana səfərindən, Prezident İlham Əliyevlə keçirdiyi görüşlərin təəssüratından və respublikamızda bütün sahələrdə gedən sürətli inkişafdan danışmışdır.