Türkoloq alimin 75 illik yubileyi - “Yaşa sığmayan ömür”
Bakı, 18 oktyabr, AZƏRTAC
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda mərhum türkoloq alim filologiya elmləri doktoru Məhəbbət Mirzəliyevanın 75 illik yubileyinə həsr olunmuş “Yaşa sığmayan ömür” adlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Dilçilik İnstitutundan məlumat verilib. Tədbirdə institutun direktoru professor Nadir Məmmədli alimin həyat və elmi fəaliyyətindən danışıb.
Məhəbbət Mirzəliyevanın Dilçilik İnstitutunda şöbə müdiri, elmi işlər üzrə direktor müavini vəzifələrini icra etdiyini xatırladan Nadir Məmmədli onun yüksək biliyə, elmi-təşkilati bacarığa və zəngin həyat təcrübəsinə malik olduğunu söyləyib. Professor tədqiqatçı alimin Azərbaycan dilçiliyi, xüsusilə də türkologiya sahəsində “Müasir Azərbaycan dilində feilin növləri və həmhüdud kateqoriyalar”, “Oğuz qrupu türk dillərində əvəzlik”, “Oğuz qrupu türk dillərində modal sözlər”, “Türk dillərinin frazeologiyasının nəzəri problemləri” kimi mühüm əsərlər ərsəyə gətirdiyini deyib.
Tədbirdə Məhəbbət Mirzəliyevanın elmi fəaliyyəti haqqında məruzələr dinlənilib. Alimlər onunla bağlı xatirələrini bölüşüblər.
Sonra “Hər zaman xatirəmdədir” adlı videoçarx göstərilib.
Sonda alimin ailəsi adından qardaşı Yaşar Mirzəliyev və bacısı Aybəniz Mirzəliyeva çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıqlarını bildiriblər.