TÜRKPA komissiyasının onlayn iclası keçirilib
Bakı, 15 iyun, AZƏRTAC
İyunun 15-də TÜRKPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının “COVID-19 pandemiyası zamanı su ehtiyatlarının və torpaqların qorunması” mövzusunda iclası onlayn videokonfrans formatında keçirildi.
AZƏRTAC xəbər verir ki, onlayn iclas “COVID-19 pandemiyası zamanı su ehtiyatlarının və torpaqların qorunması” və “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında model qanun layihəsinin müzakirəsi” üzrə iki sessiyadan ibarət olub.
İclasın açılış mərasimində çıxış edən TÜRKPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının sədri və Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib və bu tarixi günün Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Sonra Əhliman Əmiraslanov bütün dünyaya yayılan COVID-19 pandemiyası, onun yaratdığı fəsadlar və mübarizə tədbirləri haqqında məlumat verib.
İlk sessiyaya komissiyanın sədri, akademik Əhliman Əmiraslanov sədrlik edib. Sessiyada üzv ölkələrdən ekspertlər təqdimatlar ediblər, həmçinin COVID-19 pandemiyası zamanı su ehtiyatlarının və torpaqların qorunması ilə bağlı təşkilata üzv ölkələrdə həyata keçirilən tədbirlər müzakirə olunub. İştirakçılar məsələ ilə bağlı milli qanunvericilik və beynəlxalq əməkdaşlıq mexanizmləri barədə fikir mübadiləsi aparıblar.
İkinci sessiyaya komissiyanın katibi Emin Həsənov moderatorluq edib. Sessiya zamanı üzv ölkələrdən olan ekspertlər qanunvericiliyin uyğunlaşdırılması və enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında model qanunun hazırlanması üzrə məsələləri müzakirə ediblər.
Videokonfransda təşkilata üzv ölkələrin parlamentlərindən və Özbəkistandan olan millət vəkilləri ilə yanaşı, üzv ölkələrin müvafiq nazirlik və qurumlarından, həmçinin beynəlxalq təşkilatlardan olan ekspertlər iştirak edirdilər.
Bununla da TÜRKPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının “COVID-19 pandemiyası zamanı su ehtiyatlarının və torpaqların qorunması” mövzusunda onlayn iclası başa çatıb.