İDMAN
U-12 Liqasının futbolçuları “Atena” süd zavodu və fermasında olmuşlar
Bakı, 4 noyabr (AZƏRTAC). “Atena U-12 Liqası”nda Füzuli rayonunu təmsil edən “Füzuli” və “Kərimbəyli” komandalarının məşqçi heyəti və oyunçuları Ağcabədidə yerləşən “Atena” süd zavodu və “Atena-Aqat Aqro” heyvandarlıq kompleksində olmuşlar.
AFFA-dan AZƏRTAC-a bildirmişlər ki, komandaların üzvlərini mehribanlıqla qarşılayan “Atena” süd zavodunun rəhbərliyi onları süd zavodundakı istehsal prosesi və fermada yaradılan şəraitlə yaxından tanış etmişdir. Süd zavodu və fermanın fəaliyyətini əyani şəkildə görən yeniyetmə futbolçular “Atena” süd məhsullarının keyfiyyətinə bir daha əmin olmuşlar.
Qonaqlar “Atena” süd məhsullarının insan orqanizminə, xüsusən uşaqların sağlam böyüməsinə verdiyi faydalar barədə məlumatlandırılmışlar.
Səfərin sonunda yeniyetmə futbolçulara “Atena” şirkəti adından süd məhsulları hədiyyə olunmuşdur.
Qeyd edək ki, həyata keçirdiyi sosial layihələrlə diqqət çəkən “Atena” şirkəti oktyabrda AFFA ilə imzalanan müqaviləyə əsasən “U-12 Liqası”na sponsorluğu öz üzərinə götürmüşdür. “Atena U-12 Liqası”nın oyunları bölgələr üzrə mərkəzləşdirilmiş qaydada 12 rayonda təşkil olunur. 81 komandanın mübarizə apardığı turnirdə 1114 futbolçu və 109 məşqçi iştirak edir.