“Üç Qardaş-2021” birgə təlimi ərəb mediasının diqqət mərkəzindədir
Qahirə, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 12-dən 20-dək Bakıda ilk dəfə olaraq keçirilən Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimi ərəb ölkələrinin mediasının diqqət mərkəzində olub.
AZƏRTAC və Anadolu agentliklərinin xəbərlərinə istinadla nüfuzlu Səudiyyə Ərəbistanının “Arabnews” qəzeti, Misirin “Asiaelyom” agentliyi, Əlcəzairin “Əl Hərir”, Küveytin “Əl Raimedia”, habelə “Əlmayadin” və “Əl Məsdər” portalları birgə təlim haqqında ingilis və ərəb dillərində materiallar dərc ediblər.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən qeyd olunub ki, birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır. Xəbərlərdə Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevin “Üç qardaş - 2021” beynəlxalq təlimləri zamanı hər üç ölkənin hərbi qulluqçuları arasında geniş təcrübə və fikir mübadiləsi aparılacağına və onların peşəkar hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcəyinə əminliyini bildirdiyi qeyd olunub.
İƏT-ə üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) rəsmi saytında isə Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Türkiyəyə səfəri haqqında AZƏRTAC-ın xəbəri yayımlanıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə