UEFA Avropa Liqasında Azərbaycan klublarının rəqibləri bəlli olub
Nyon, 20 iyun, AZƏRTAC
İyunun 20-də İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının 2016-2017-ci il mövsümü üçün püşkatma mərasimi keçirilib. Avroliqanın ilk təsnifat mərhələsində 96 klub mübarizəyə başlayacaq. Daha yüksək reytinqli 18 komanda isə ikinci təsnifat mərhələsindən yarışa qoşulacaq.
Avroliqaya püşkatmada Azərbaycan klublarının rəqibləri də məlum olub. “Neftçi” Maltanın “Balzan” klubu, “Qəbələ” isə Gürcüstanın “Samtredia” komandası ilə üz-üzə gələcək. Gəncənin “Kəpəz” komandası isə Kişineunun “Daçia” klubu ilə qarşılaşacaq.
UEFA Avropa Liqasının ilk mərhələsinin oyunları iyunun 30-da və iyulun 7-də, ikinci təsnifat mərhələsinin görüşləri isə iyulun 14-də və 21-də keçiriləcək.
Avropa Liqasının final görüşü gələn il mayın 24-də İsveçin Solna şəhərində keçiriləcək.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Nyon