UEFA Konfrans Liqası: “Bazel” - “Qarabağ” matçı başlayıb
Bakı, 10 dekabr, İlyas Zeynallı, AZƏRTAC
Dekabrın 9-da UEFA Konfrans Liqasının qrup mərhələsinin altıncı turu çərçivəsində keçirilən “Bazel” - “Qarabağ” matçı başlayıb.
AZƏRTAC xəbər verir ki, “Sent Yakob Park” stadionunda start götürən oyunu xorvatiyalı FIFA referisi Fran Yoviç idarə edir.
Ağdam təmsilçisinin heyətində Şahruddin Məhəmmədəliyev, Toral Bayramov, Kevin Medina, Maksim Medvedev, Abbas Hüseynov, Patrik Andrade, Qara Qarayev, Abdullah Zubir, Filip Ozobiç, Kadi Borqes və İbrahim Vadji meydana çıxıblar.
“Bazel” klubunun ilk onbirliyində isə Haynts Linder, Nasser Ciqa, Paytim Kasami, Artur Kabral, Valentin Stokker, Fabian Fray, Serxio Lopes Qalaçe, Vouter Burger, Raul Petretta, Matias Palasios və Edon Joqrova yer alıblar.
Xatırladaq ki, bu komandalar arasında Bakıda keçirilən görüş qolsuz heç-heçə ilə başa çatıb.
Qrupdan çıxması dəqiqləşdirilmiş hər iki kollektiv səkkizdəbir finala birbaşa vəsiqə uğrunda mübarizə aparacaq. Ağdam təmsilçisi qrupu ilk pillədə bitirmək üçün səfərdə mütləq qalib gəlməlidir. Meydan sahiblərini isə heç-heçə də qane edəcək.
Bu oyun “köhlən atlar” üçün avrokuboklarda yubiley matçı olub. Komanda beynəlxalq arenada 140-cı görüşünə çıxıb.
Qeyd edək ki, bu qrupun digər oyununda Kiprin “Omoniya” komandası Qazaxıstanın “Kayrat” komandasını qəbul edəcək.