Ukrayna bazarında Azərbaycanın şərab və şirə məhsullarının çeşidi genişləndirilir
Kiyev, 5 oktyabr, AZƏRTAC
Ukrayna bazarında Azərbaycan istehsalı olan şərab və spirtli içki, şirə məhsullarının çeşidi genişləndirilir.
Bu barədə AZƏRTAC-a Azərbaycanın “Az-Granata” şirkətinin Ukraynadakı nümayəndəliyinin rəhbəri Elimxan Mahmudov məlumat verib.
Onun sözlərinə görə, Azərbaycana məxsus 75-dək adda şərab və spirtli içki məhsulları Ukraynanın iri ticarət obyektlərində satılır. Artıq “Şuşa” konyakının Ukraynanın “Hyatt Regency” hotel şəbəkəsində satışı həyata keçirilir.
Hazırda işğaldan azad olunan ərazilərimizin məkan adları ilə olan “Şuşa”, “Agdam”, “Agdərə” “Qarabag” brendi adı altında şərablar satışdadır.
E.Mahmudov bildirib ki, Ukrayna bazarında Azərbaycan şərabları və konyak məhsulları öz yerini möhkəmləndirib. Bundan başqa Azərbaycanın nar, alma, üzüm şirələrinin Ukrayna bazarlarında satışı həyata keçirilir. Hətta Azərbaycanın nar şirələrinin satışı Ukrayna apteklərində də reallaşdırılır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev