UKRAYNA KRIM TATAR XALQININ SÜRGÜN OLUNMASININ 62-Cİ İLDÖNÜMÜNÜ QEYD EDİR
Krım tatarları SSRİ Dövlət Müdafiə Komitəsinin Stalin tərəfindən 1944-cü il mayın 11-də imzalanmış qərarına əsasən sürgün edilmişdilər.
1944-cü il mayın 18-də artıq faşist Almaniyasından azad edilmiş Krımda Xalq Daxili İşlər Komissarlığının qoşunları Krım tatarlarının deportasiyasına başlamışdılar. O vaxt təxminən 200 min Krım tatarı Orta Asiyaya sürgün edilmişdi. Bu köçürmə nəticəsində və ilk ilyarımda onların 46,2 faizi həlak olmuşdu.
1948-ci il noyabrın 28-də SSRİ Ali Soveti Rəyasət Heyətinin verdiyi fərmana əsasən, Böyük Vətən müharibəsi dövründə deportasiya olunanlar xüsusi məskənlərdə həmişəlik məskunlaşdırılır və sürgün yerlərindən qaçmaq 20 il müddətinə katorqa işlərinə məhkum edilməklə cəzalandırılırdı.
Deportasiya olunanların Krıma kütləvi qayıdışı 1989-cu ildə başlanmışdır. Bu prosesin hüquqi cəhətdən rəsmiləşdirilməsində “Zorakılıqla köçürmələrə məruz qalmış xalqlara qarşı repressiv aktların qanunsuz və cinayət hesab olunması və onların hüquqlarının təmin edilməsi haqqında” SSRİ Ali Sovetinin 1989-cu il 14 noyabr tarixli Bəyannaməsi mühüm rol oynamışdır.
Rəsmi məlumata görə, hazırda Krımda təxminən 280 min tatar yaşayır.
Krım Muxtar Respublikasının Baş naziri Anatoli Burdyuqov Krım tatar xalqının deportasiyasının 62-ci ildönümünə həsr edilmiş matəm yığıncağında çıxışında bildirmişdir ki, Ukraynada və Krımda siyasi vəziyyətdən asılı olmayaraq, Krım tatarları Ukrayna dövlətçiliyinə sadiqliyini və Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini daim aşkar surətdə nümayiş etdirmişlər. Bu, Krım tatar xalqının əzəli müdrikliyinin təzahürüdür.