Ukrayna portalında Azərbaycan-Ukrayna diplomatik əlaqələrinin 25 illiyinə dair məqalə verilib
Bakı, 4 fevral, AZƏRTAC
Fevralın 6-da Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlər yaradılmasının 25 illiyi tamam olur. Bu əlamətdar hadisə ərəfəsində Ukraynanın versii.com saytında “Həqiqi dostluq həsəd nə olduğunu bilmədən diplomatiyanı möhkəmlədir...” sərlövhəli məqalə dərc olunub. Məqalənin müəllifi Ukraynada yaşayan azərbaycanlı alim, Azərbaycan diasporunun fəal üzvü Arif Quliyevdir.
Materialda qeyd edilir ki, Azərbaycan ilə Ukrayna arasında səmimi dostluq münasibətləri Kiyev ilə Bakı arasında rəsmi diplomatik əlaqələr yaradılandan xeyli əvvəl də mövcud olub. İki xalq arasında dərin, ənənəvi dostluq münasibətləri çoxəsrlik tarixə malikdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Ukrayna xalqına həmişə xüsusi rəğbət və diqqətlə yanaşırdı. O, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu dövrdə Ukrayna üçün az iş görməyib.
Müəllif vurğulayır ki, qarşılıqlı etimad olmasa, Ukrayna-Azərbaycan münasibətləri heç vaxt tam dəyərli ola bilməz. Bu münasibətlərin zəngin tarixi var. İki ölkə müstəqillik əldə edəndən sonra onların arasında xüsusi dostluq münasibətləri bərqərar olub. Azərbaycanda Ukraynanın böyük oğlu Taraş Şevçenkoya, məşhur şair Lesya Ukrainkaya abidə qoyulub. Kiyevin mərkəzində Heydər Əliyevin adını daşıyan gözəl bağ salınıb, həmin bağda Azərbaycanın Ümummilli Liderinə abidə ucaldılıb.
Müəllif sonda yazır: “Ukrayna-Azərbaycan əməkdaşlığının inkişaf etdirilməsi üçün böyük potensial var. Bütün sahələrdə, o cümlədən siyasət, parlamentlərarası əlaqələr, iqtisadiyyat, energetika, nəqliyyat, hərbi-texniki, aerokosmik, humanitar və digər sahələrdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün gözəl imkanlar mövcuddur”.