DÜNYA
Ukrayna vaksinlərin ilk partiyasını fevral ayında gözləyir
Kiyev, 9 yanvar, AZƏRTAC
Ukraynada kütləvi vaksinasiya keçirilməsi üçün ölkəyə vaksinlərin ilk partiyasının fevral ayında göndəriləcəyi gözlənilir.
AZƏRTAC xəbər verir ki, Ukraynanın səhiyyə naziri Maksim Stepanov “Nastoyaşşeye vremya” nəşrinə verdiyi müsahibədə Çinin “Sinovac Biotech” əczaçılıq şirkəti ilə bu barədə müqavilə bağlandığını bildirib.
Nazir qeyd edib ki, Ukrayna Rusiya vaksinindən istifadə etməyə hazırlaşmır. O deyib: “Biz Çinin “Sinovac Biotech” şirkəti tərəfindən istehsal edilən vaksinin alınması barədə müqavilə bağlamışıq. Bu şirkət dünyada ən böyük vaksin istehsalçılarından biridir. Başqa şirkətlərlə də danışıqlar aparırıq. Hazırda müqavilənin razılaşdırılması ilə bağlı texniki proses gedir. Bizdə əsas çətinlik məhz vaksinin göndərilməsi müddətləri ilə bağlı idi”.
Ukraynada peyvəndləmənin 5 mərhələdə keçiriləcəyini bildirən M.Stepanov daha sonra deyib: “Birinci mərhələdə, 355 min tibb işçisi - ilk növbədə, COVID-19 xəstələrinə kömək göstərən xəstəxanalarda çalışan peyvəndlənəcək. Həmin xəstələr, məsələn, ahıllar evlərində yaşayanlar, yəni əhalinin ən riskli kateqoriyasına aid olanlardır. Peyvəndləmənin ikinci mərhələsi peşə fəaliyyətinə və yaşına görə risk qruplarına aid olanları və müxtəlif xəstəliklərdən əziyyət çəkənləri əhatə edəcək”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev