SİYASƏT
Ukraynada azərbaycanlıların həmrəylik aksiyası keçirilib VİDEO







Kiyev, 9 aprel, AZƏRTAC
Azərbaycanın Kiyev şəhərindəki səfirliyinin qarşısında yerləşən Heydər Əliyev adına parkda bu şəhərdə yaşayan soydaşlarımızın həmrəylik aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə keçirilən aksiyada Ukraynada yaşayan 100-ə yaxın soydaşımız iştirak edib.
Aksiyada çıxış edən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva, Poltava vilayətinin deputatı Fəxrəddin Muxtarov və digərləri bəzi xarici ölkələrdə məskunlaşmış antimilli şəxslərin qərəzli, ədalətsiz, sifarişli mövqeyinin Ukraynada yaşayan azərbaycanlıları narahat etdiyini vurğulayıblar. Qeyd edilib ki, Azərbaycan regionda söz sahibinə çevrilib, heç kimdən asılı olmayan dövlət siyasəti yürüdür, iqtisadi, siyasi və digər sahələrdə uğurlar əldə edib. Bütün bunları ölkəmizin inkişafını istəməyən qüvvələr həzm edə bilmirlər. Ona görə də onlar Azərbaycana qarşı şər, böhtan kampaniyasına başlayıblar. Belə halların yolverilməz olduğunu vurğulayan soydaşlarımız anti-Azərbaycan qrupların bu cür məkrli əməllərini pisləyiblər.
Çıxışçılar Ukraynada yaşayan soydaşlarımızın hər zaman dövlətimizi, onun daxili və xarici siyasətini dəstəklədiklərini bəyan ediblər. Aksiya iştirakçıları ürəklərinin Azərbaycanla döyündüyünü, Vətənin adını daim uca tutduqlarını, birlik nümayiş etdirdiklərini vurğulayıblar.
Aksiyada “Hər zaman səninləyik, Azərbaycan!”, “Biz Ukraynada Azərbaycanı ləyaqətlə təmsil edirik!”, “Biz fəxr edirik ki, azərbaycanlıyıq!”, “Azərbaycan qürurumuzdur. Qürurumuza toxunmayın!”, “Hər zaman, hər yerdə səninləyik, Azərbaycan!”, “Vətənimizin qüdrəti bizim qürurumuzdur!”, “Dövlətimizin və xalqımızın adını uca tutmaqdan şərəf duyuruq!” kimi şüarlar səsləndirilib.
Soydaşlarımız xarici ölkələrdə yaşayan bütün azərbaycanlıları həmrəyliyə, birliyə çağırıblar: “Milli və dövlət maraqları hər şeydən üstün tutulmalıdır. Azərbaycan adlı məmləkətimiz ətrafında sıx birləşməliyik. Azərbaycanda sabitliyə və inkişafa xələl gətirməkdən çəkinməliyik”.
Çıxışlardan sonra səmaya sülh, barışıq rəmzi olan şarlar buraxılıb. Aksiyadan sonra Azərbaycanın xalq mahnıları və milli musiqilərindən ibarət konsert olub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev