“Ulduz” şokolad fabrikinə ilk dəfə Azad İstehlakçılar Birliyinin “Platin keyfiyyət nişanı” təqdim olunmuşdur
Bakı, 1 noyabr (AZƏRTAC). Noyabrın 1-də Beynəlxalq Mətbuat Mərkəzində “Ulduz” şokolad fabrikinə dünya təcrübəsində ilk dəfə Azad İstehlakçılar Birliyinin (AİB) təsis etdiyi sertifikat və “Platin keyfiyyət nişanı” təqdim olunmuşdur.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə AİB-in sədri Eyyub Hüseynov rəhbərlik etdiyi qurumun fəaliyyətindən və yeni layihələrdən danışmışdır. Bildirmişdir ki, “Ulduz” fabrikinə qida təhlükəsizliyi nişanına layiq görülməsi dünya istehlakçıları üçün bir yenilikdir. Bu təcrübə digər müəssisələrdə də davam etdiriləcəkdir.
AİB-in əməkdaşları istehsal müəssisələrinə gümüş, qızıl, platin keyfiyyət nişanı vermək məqsədi ilə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyində (USAID) treninqlər keçmişlər. Bundan sonra AİB istehlakçıların təhlükəsiz ərzaq malı ilə təmin olunmasına stimullaşdırıcı dəstək verəcəkdir. Müasir standartlara cavab verən, istehlakçı üçün təhlükəsiz olan ərzaq malı istehsalı müəssisələri AİB-in təlim keçmiş qrupu tərəfindən qiymətləndiriləcək və nəticə müsbət olarsa, müəssisə müxtəlif keyfiyyət nişanlarına layiq görüləcəkdir. AİB nişan almış müəssisənin istehsalını müntəzəm ictimai nəzarətdə saxlamaqla, istehsal olunan malların təhlükəsizliyinə, keyfiyyətinə dair istehlakçıları məlumatlandıracaqdır.
Fabrikin direktoru Vüsal Şərifov rəhbərlik etdiyi müəssisənin fəaliyyətindən, dünyanın aparıcı şirkətləri ilə tərəfdaşlığından və qazandığı uğurlardan danışmışdır. Bildirmişdir ki, 2001-ci ildə fəaliyyətə başlamış “Ulduz” fabriki dünyanın bir çox ölkələrində qida sərgilərində daim iştirak edir, uğur qazanır. Fabrikin məhsulları Latviya, Litva, Ukrayna, Rusiya, Gürcüstan Belarus, Bolqarıstan, İsrail, Türkmənistan və digər ölkələrə ixrac olunur.
Sonra E.Hüseynov AİB-in təsis etdiyi sertifikatı və “Platin keyfiyyət nişanı”nı V.Şərifova təqdim etmişdir.