Ulu Öndər Heydər Əliyevin zəngin irsi Azərbaycan xalqının milli sərvətidir
Salyan, 9 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Salyan Rayon Heydər Əliyev Mərkəzi, Salyan Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin zəngin irsi Azərbaycan xalqının milli sərvətidir” adlı tədbir keçirilib.
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə , tədbirdə rayon rəsmiləri, mədəniyyət işçiləri, ziyalılar iştirak edib.
Salyan Rayon Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanışlıq olub. Sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.
Çıxış edənlər, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və xalqın rifahının yüksəldilməsi istiqamətində müstəsna xidmətlərindən danışıblar.
Vurğulanıb ki, Heydər Əliyevin zəngin irsi bu gün də ölkəmizin siyasi, sosial-iqtisadi və mədəni inkişafının əsas istiqamətlərini müəyyən edən strateji xətt kimi böyük əhəmiyyət kəsb edir. Natiqlər bildiriblər ki, Ümummilli Liderin qoyduğu möhkəm təməl üzərində qurulan müasir Azərbaycan qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir və qazanılan uğurlar bu dahi şəxsiyyətin ideyalarının davamlılığının bariz göstəricisidir.