Ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib
Bakı, 19 may, AZƏRTAC
Aprelin 10-da elan olunmuş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, elan üzrə 19 dövlət orqanında mövcud olan 189 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 293 namizədlə 306 müsahibənin keçirilməsi planlaşdırılır. Ən yüksək müsabiqə vəziyyəti Maliyyə Nazirliyi, Sosial müdafiə, sosial təminat və səhiyyə sahələrinin maliyyəsi şöbəsi, Əhalinin sosial müdafiəsi və sosial təminat sahələrinin maliyyəsi sektoru, baş məsləhətçi (1 vakant yer üzrə 23 nəfər), Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Layihələrin idarə edilməsi və texnoloji həllər şöbəsi, Layihələrin idarə edilməsi və biznes analitikası sektoru, aparıcı məsləhətçi (1 vakant yer üzrə 22 namizəd) vəzifələri üzrə yaranıb.
Müsahibələrin mayın 24 -dən iyunun 13-dək keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibənin vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.
Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.
Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin təşkili yalnız müvafiq təsdiqedici sənəd nəzərə alınmaqla həyata keçirilə bilər. Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.