ÜMUMMİLLİ LİDERİMİZ PREZİDENT HEYDƏR ƏLİYEVİN XATİRƏSİNİN ƏBƏDİLƏŞDİRİLMƏSİ ÜZRƏ DÖVLƏT KOMİSSİYASININ İCLASI OLMUŞDUR
İclası Prezident İlham Əliyev açdı.
Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev ümummilli liderimiz Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında müxtəlif dövlət və qeyri-hökumət qurumlarından, ictimai təşkilatlardan, ayrı-ayrı vətəndaşlardan Dövlət Komissiyasına 3 mindən çox təklif daxil olduğunu, bunların ümumiləşdirilərək Komissiyanın bütün üzvlərinə göndərildiyini bildirdi. Natiq həmin təkliflər barədə məlumat verdi.
İclasda Heydər Əliyev Beynəlxalq Fondunun yaradılması; Heydər Əliyev adına Beynəlxalq sülh mükafatının təsis edilməsi; Heydər Əliyev adına ali mükafatın - ordenin təsis edilməsi; elm, təhsil, ədəbiyyat və incəsənət sahəsində nailiyyətlərə görə Heydər Əliyev adına Dövlət mükafatının təsis edilməsi; Bakıda, habelə Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində küçə və meydanlardan birinə Heydər Əliyevin adının verilməsi; Heydər Əliyevin şərəfinə qızıl və gümüş xatirə sikkələrinin buraxılması; Bakı Dərin dəniz özülləri zavoduna, Binə beynəlxalq hava limanına, respublikanın iri yaşayış məntəqələrindən birinə, Respublika sarayına, Azərbaycan Ali Hərbi Məktəbinə, Xəzər Dəniz Gəmiçiliyinin təzə gəmilərindən birinə, Bakı İdman-konsert kompleksinə, “Lider” yarımdalma qazma qurğusuna, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinə Heydər Əliyevin adının verilməsi; Heydər Əliyevin xatirə-memorial kompleksinin tikilməsi, onun Naxçıvan filialının yaradılması; Bakının görkəmli yerlərindən birində Heydər Əliyevin abidəsinin ucaldılması; hər il mayın 1-10-da Bakıda “Heydər Əliyev dünyası” festivalının keçirilməsi və sair barədə ictimaiyyətin və komissiya üzvlərinin təklifləri geniş müzakirə olundu, ətraflı fikir mübadiləsi aparıldı.
İclasda həmçinin təklif olundu ki, Heydər Əliyev haqqında yazılacaq bütün əsərlər barədə komissiyanın rəyi nəzərə alınsın.
Azərbaycan Prezidenti İlham Əliyev iclasa yekun vurdu.