SİYASƏT
ÜMUMRUSİYA AZƏRBAYCAN KONQRESİNİN BİR YAŞI TAMAM OLDU
Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) yaradıldığı gündən bir il ötmüşdür. Bununla əlaqədar iyulun 1-də Moskva meriyasının binasında bu təşkilatın Mərkəzi şurasının iclası keçirilmişdir. İclasda Konqresin birillik fəaliyyətinə yekun vurulmuş, gələcək vəzifələri və inkişaf perspektivləri müzakirə edilmişdir.
ÜAK-ın prezidenti, professor Məmməd Əliyev iclası açaraq dedi ki, Konqres Rusiyadakı Azərbaycan diasporunun mənafelərini real surətdə təmsil edən nüfuzlu ictimai təşkilata çevrilə bilmişdir. O bildirdi ki, ötən bir il ərzində azərbaycanlıların 70 ictimai təşkilatını, o cümlədən Rusiya Federasiyasıyasının 54 subyektində yaradılmış regional şöbələri birləşdirmək mümkün olmuşdur. M.Əliyev xüsusi vurğuladı ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, hər iki ölkənin dövlət hakimiyyəti orqanları fəaliyyətinin ilk günlərindən Konqresi dəstəkləmişlər ki, bu da Azərbaycan diasporu nümayəndələrinin milli və vətəndaş hüquqlarının qorunmasını təmin etməyə imkan verir.
Konqresin icraçı direktoru Zeynal Nağdəliyev “ÜAK-ın birinci qurultayı qərarlarının yerinə yetirilməsi sahəsində rəyasət heyətinin fəaliyyəti haqqında” hesabat məruzəsində bildirdi ki, bu müddət ərzində Konqresin icra strukturları və komitələri tam formalaşmışdır. Konqresin İnkişaf Fondu və Hüquqi Müdafiə Mərkəzi, milli-mədəni proqramlar, informasiya-analitik və humanitar məsələlər, hüquq-mühafizə orqanları ilə əlaqələr üzrə, dövlət orqanları və ictimai təşkilatlarla əlaqələr üzrə, təşkilati-regional iş üzrə və s. komitələr yaradılmışdır və fəaliyyət göstərirlər. Bir sıra uğurlu beynəlxalq elmi konfranslar keçirilmiş, Azərbaycanın tarixi, mədəniyyəti, xalqları haqqında, Rusiyadakı Azərbaycan diasporunun görkəmli nümayəndələri haqqında üç film istehsal olunmuş, Xocalı hadisələri barədə film çəkilmiş, “İbrus” teatrı yaradılmışdır. Nəzərə çarpdırıldı ki, Konqresin ən ciddi vəzifələrindən biri həmvətənlərimizin hüquq və mənafelərinin qorunmasını təmin etməkdən ibarətdir. Buna görə də Konqres hüquq-mühafizə orqanlarının rəhbərləri və nümayəndələri ilə çoxsaylı görüşlər keçirir. Onlar həmin məsələlərdə əməkdaşlığa dair təklifləri böyük rəğbətlə qarşılayır və bəyənirlər. Bundan əlavə, Konqres ehtiyacı olan ailələrə və tələbələrə yardım göstərir, Azərbaycan məktəblərinə, internat məktəblərə, uşaq evlərinə hamilik edir.
İclasda Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Rizayev, Mərkəzi şuranın, Təftiş komissiyasının üzvləri, Konqresin regional şöbələrinin rəhbərləri, habelə hakimiyyət orqanlarının nümayəndələri, Moskvadan və Rusiya Federasiyasının regionlarından dəvət olunmuş qonaqlar iştirak edirdilər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva