UNEC-də tədbir: Müstəqillik dövründə Azərbaycanda regionlar üzrə İKT infrastrukturunun inkişafı
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Müstəqillik dövründə Azərbaycanda regionlar üzrə İKT infrastrukturunun inkişafı və təkmilləşdirilməsi məsələləri” mövzusunda tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Rəqəmsal iqtisadiyyat fakültəsi, Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrası, Rəqəmsal iqtisadiyyat tədqiqat mərkəzinin birgə keçirdiyi tədbirdə dosent Təranə Əliyeva ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizdə telekommunikasiya və informasiya texnologiyaları sahəsində aparılan islahatlardan danışıb. Həmçinin Azərbaycanda İKT inqilabından və respublikamızın ali təhsil müəssisələrində elektronika, avtomatika və hesablama texnikası ixtisasları üzrə maddi-texniki bazaların yaradılmasından bəhs edib.
Rəqəmsal iqtisadiyyat tədqiqat mərkəzinin rəhbəri Ülviyyə Rzayeva “Azərbaycanda regionlar üzrə ev təsərrüfatları və müəssisələrdə İKT sektorunun müasir durumu” mövzusunda çıxış edərək informasiya cəmiyyətinin formalaşması prosesində qarşıda duran məsələlərə toxunub.
Sonra kafedranın professoru Rəsul Balayev postmünaqişə ərazilərində rəqəmsal infrastrukturun qurulması ilə bağlı məsələləri şərh edərək, həmin yerlərin inkişafında rəqəmsal texnologiyalardan fəal surətdə istifadənin planlaşdırıldığına, bu məqsədlə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında rəqəmsal infrastrukturun qurulması işinə başlanıldığına diqqət çəkib.
Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov çıxışında istənilən sahənin inkişafı və tərəqqisində informasiya texnologiyalarının rolundan danışıb, təhsil sisteminin rəqəmsallaşması məsələləri, UNEC elektron sənəd dövriyyəsi və EDUMAN sisteminin təkmilləşdirilməsi ilə universitetin İKT infrastrukturunun daha da genişləndirilməsi və cari tədris ilinin “İnformasiya texnologiyaları ili” adlandırılması ilə bağlı fakültə və kafedra qarşısında duran vəzifələri vurğulayıb.
Tədbir müzakirələrlə davam edib.