UNESCO köləlik qurbanlarının xatirəsinə həsr olunmuş tvininq şəbəkəsi yaradır
Bakı, 25 sentyabr, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış edən UNESCO-nun Baş direktoru Odri Azule Afrika, Amerika və Avropada memorialları və köləlik muzeylərini birləşdirən şəbəkənin yaradılmasını elan edib. Onun sözlərinə görə, bu şəbəkə bilik mübadiləsini və mədəniyyətlərarası dialoqu asanlaşdırmağa kömək edəcək. “Əsir götürülən, Amerikaya deportasiya edilən və sonra Avropanı şəkər, qəhvə, indiqo və pambıqla təmin etmək üçün istismara uğrayan milyonlarla afrikalı kişi, qadın və uşağı daha yaxşı tanımalı və xatırlamalıyıq”, - deyə Baş direktor vurğulayıb.
AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, UNESCO 1994-cü ildə Benin və Haitinin təşəbbüsü ilə yaradılmış “Əsarətə alınmış xalqların marşrutları” proqramının otuzuncu ildönümünü qeyd edib. Təşkilatın Baş direktoru gələcək nəsillərin tarixin qara səhifələri olan bu hadisələri xatırlamasının vacibliyini vurğulayıb və əlavə edib ki, köləlik hələ də icmalara təsir edən cinayətlərə yol açır.
Tvininq şəbəkəsi çərçivəsində Atlantik okeanının hər iki tərəfindəki insanlar arasında festivallar və başqa tədbirlər, məktəb mübadiləsi, virtual səfərlər şəklində qarşılıqlı əlaqə və əməkdaşlıq imkanları yaradılacaq. UNESCO geniş ictimaiyyət arasında köləliklə bağlı muzeylərin və saytların profilini yüksəltməyə və xüsusən də gənc nəsillər arasında köləlik tarixinin daha yaxşı qlobal anlayışını təşviq etməyə ümid edir. Bu kontekstdə hökumətlərə məktəb dərslikləri və kurikulumlarında köləlik tarixinə daha çox yer vermək tövsiyə edilib.