Urxan Ələkbərov: Yeni texnologiyaların tədrisində təqdim olunan dərsliyin əhəmiyyəti böyükdür VİDEO
Bakı, 8 oktyabr, AZƏRTAC
Davamlı inkişaf üzrə yeni texnologiyaların tədrisi və bu sahədə mütəxəssislərin hazırlanması baxımından yeni dərsliyin əhəmiyyəti böyükdür.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov deyib. Rektor bildirib ki, bu gün Dövlət İdarəçilik Akademiyasında yeni dərsliyin təqdimatı keçirilir. Təqdimat çox önəmli bir dövrdə baş tutur. Bir neçə gün əvvəl Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib. Partiyanın Sədri, Prezident İlham Əliyev Azərbaycanın gələcək perspektiv inkişafından danışaraq bu sahədə tədris və elmin xüsusi əhəmiyyətini qeyd edib.
“Təqdim olunan kitab unikaldır. Dünyada ilk dəfədir ki, davamlı inkişaf siyasət kimi, digər sahələri əhatə edən bir çətir siyasət və istiqamət kimi təqdim olunur. Azərbaycanda bu istiqamətdə kitab ilk dəfə dərc edilir. Kitabın ölkəmizdə nəşr olunması həm də onunla əlaqədardır ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən tətbiq edilən yeni dövlət idarəçiliyi texnologiyaları və dövlət idarəçiliyi siyasəti bilavasitə davamlı inkişaf siyasəti ilə əlaqəlidir və gələcəyə yönəlib. Bu sahədə ölkənin çox böyük nailiyyətləri var. Həmin nailiyyətlər beynəlxalq təşkilatların hesabatlarında da qeyd olunub. Xüsusilə inklüziv inkişaf və ekoloji sivilizasiyaya keçid sahəsində Azərbaycanın qazandığı nailiyyətlər olduqca yüksəkdir”, - deyə rektor vurğulayıb.
Urxan Ələkbərov qeyd edib ki, bu nailiyyətlərin qazanılmasında yeni texnologiyaların tətbiqi, dövlət-özəl-vətəndaş cəmiyyəti tərəfdaşlığı mühüm rol oynayır: “Bu, tamamilə yeni bir istiqamətdir və həmin istiqamətin formalaşmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti çox böyükdür. Bu vaxta qədər dövlət, özəl sektor və vətəndaş cəmiyyətinin iştirakı olub. Lakin vətəndaş cəmiyyəti daha çox müşahidəçi qismində çıxış edib. Onun proseslərdə bilavasitə iştirakçı kimi iştirakı ilk dəfə Azərbaycanda tətbiq olunur və bunun nəticələri də özünü göstərir.
İndi rəqəmlərə keçmək istəmirəm. Lakin inklüziv inkişaf ən müasir inkişafın göstəricisidir və 12 göstərici əsasında müəyyən olunur. Azərbaycanda bu göstərici hər vahid üzrə 3850 dollar təşkil edir ki, bu da bir çox ölkələrlə müqayisədə daha səmərəli nəticədir”.
Bu texnologiyaların tədrisi baxımından təqdim olunan dərsliyin çox böyük əhəmiyyət daşıdığını deyən Urxan Ələkbərov onun davamlı inkişaf sahəsində yeni yanaşmaların öyrənilməsi üçün mühüm mənbə olacağını vurğulayıb.