Uşaq müəssisələrində monitorinqlər aparılıb VİDEO
Bakı, 13 fevral, Səbinə Əlizadə, foto İlqar Cəfərov, AZƏRTAC
Dövlət nəzarəti qaydasında 17 uşaq müəssisəsində monitorinq aparılıb. Nəticələrə əsasən 13 müəssisənin fəaliyyəti qənaətbəxş, 3-ü qismən qənaətbəxş, 1-i isə qeyri-qənaətbəxş qiymətləndirilib. Bütün nəticələr Nazirlər Kabinetinə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 13-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında Komitə sədri Bahar Muradova danışıb.
O bildirib ki, Ailə siyasəti sahəsində Komitənin təşəbbüsü ilə 5 layihə icra olunub, bu layihələr çərçivəsində 8129 nəfərin iştirakı ilə 90 təlim, seminar və konfrans keçirilib. Ümumtəhsil məktəblərində isə 10 mövzu üzrə 57 maarifləndirici görüşdə 5620 nəfər iştirak edib. “Uşaq siyasəti sahəsində isə ötən il 10 layihə çərçivəsində 607 təlim, seminar və konfrans təşkil olunub. “Uşaqdan-uşağa”, “Qızlar müzakirəyə qoşulur”, “Oğlanlar müzakirəyə qoşulur”, “Mənim hüquqlarım” təşviqat avtobusu, uşaq kitab festivalı və digər təşəbbüslər uşaqların birbaşa iştirakını təmin edib”, - deyə Komitə sədri əlavə edib.