ÜST həftə ərzində yoluxmaların sayı üzrə yeni rekord barədə məlumat verib
Bakı, 4 noyabr, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyası başlanandan bəri bir həftə ərzində yoluxanların rekord sayını qeydə alıb. Oktyabrın son həftəsi ərzində dünyada koronavirusa yoluxanların sayı 3,355 milyon nəfərdən çox olub.
AZƏRTAC xəbər verir ki, ÜST-nin məlumatına görə, ötən həftə ərzində 45 min nəfər COVID-19-a yoluxub. Bu, əvvəlki həftə ilə müqayisədə 9 min nəfər çoxdur. Bütün dünyada xəstələnmə və ölüm hallarının artması müşahidə olunur, lakin yeni yoluxma hallarının çoxu (1,7 milyon) Avropanın payına düşür. İkinci yerdə Amerika gedir (1 milyon yoluxma). Cənub-Şərqi Asiyada ötən həftə 300 min yoluxma qeydə alınıb.
Bir həftə əvvəl ÜST yoluxanların rekord sayını qeydə almışdı. O vaxt koronavirusa yoluxanların sayı 2,8 milyondan çox idi.
ÜST-nin məlumatına görə, COVID-19 koronavirusu yayılmağa başlayandan ötən bütün müddət ərzində dünyada 46,8 milyon nəfər bu xəstəliyə yoluxub. Yoluxmaların çoxu ABŞ (9,1 milyon), Hindistan (8,3 milyon), Braziliya (5,6 milyon), Rusiya (1,7 milyon) və Fransanın (1,4 milyon) payına düşür. Koronavirusa tutulmuş xəstələrin 34 milyonu sağalıb, 1,2 milyondan çox adam dünyasını dəyişib.