DÜNYA
ÜST: Sudanda münaqişə səbəbindən 20 mindən çox insan ölüb
Bakı, 8 sentyabr, AZƏRTAC
Sudanda ötən ilin aprelindən davam edən münaqişə 20 mindən çox insanın ölümünə səbəb olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib. O, dərhal atəşkəsə və humanitar tədbirlərə beynəlxalq maliyyə dəstəyini artırmağa çağırıb.
Baş direktor xatırladıb ki, Sudanda münaqişə səbəbindən 10 milyondan çox insan ölkə daxilində evlərini tərk etmək məcburiyyətində qalıb, daha 2 milyon insan isə qonşu ölkələrə qaçmağa məcbur olub. “Fövqəladə vəziyyətin miqyası, eləcə də münaqişənin qarşısını almaq və onun gətirdiyi əzablara cavab vermək üçün görülən tədbirlərin qeyri-adekvatlığı sarsıdıcıdır”,- deyə ÜST-ün rəhbəri “qeyri-kafi maliyyə səviyyəsinə”, “çoxlu sayda hücumlara” diqqət çəkib.
Bildirib ki, ölkə əhalisinin yarıdan çoxu - təxminən 25 milyon sudanlı hazırda dəstəyə ehtiyac duyur. Onlardan 14,7 milyonu təcili yardıma ehtiyacı var. "Biz dünyanı oyanmağa və Sudana yaşadığı kabusdan çıxmağa kömək etməyə çağırırıq", - deyə o vurğulayıb.
Qeyd edək ki, Sudanda vəziyyət 2023-cü ilin aprelində ölkənin Suveren Şurasının sədri ilə ordu komandiri və Çevik Reaksiya Qüvvələrinin rəhbəri arasında fikir ayrılığı səbəbindən gərginləşib. Onların arasında əsas ziddiyyətlər vahid silahlı qüvvələrin formalaşdırılmasının vaxtı və üsulları ilə bağlıdır.