Uzaq Şərq cəbhəsində həlak olmuş sovet əsgərlərinin xatirəsi anılıb
Pekin, 8 may, AZƏRTAC
İkinci Dünya müharibəsi zamanı yapon militaristlərinə qarşı Uzaq Şərq cəbhəsində gedən döyüşlərdə həlak olmuş sovet əsgərlərinin xatirəsi Çində anılıb.
Canbey şəhərindəki qardaşlıq məzarında keçirilən mərasimdə postsovet respublikalarının, o cümlədən Azərbaycanın Çindəki hərbi attaşeləri, şəhərin rəhbər şəxsləri iştirak ediblər. Tədbir iştirakçıları adından Canbey şəhəri ətrafındakı döyüşlərdə həlak olmuş sovet əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulub. Bildirilib ki, bu döyüşlərdə 2 mindən çox sovet əsgəri həlak olub.
Azərbaycan Silahlı Qüvvələrinin Çindəki hərbi attaşe aparatı İkinci Dünya müharibəsində sovet ordusunun Uzaq Şərq cəbhəsində keçirdiyi döyüşlər əməliyyatlarında həlak olmuş azərbaycanlıların müəyyənləşdirilməsi istiqamətində mütəmadi iş aparır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin