REGİONLAR
Üzümdən hazırlanan məhsullar immuniteti gücləndirir, öskürəyi kəsir
![Üzümdən hazırlanan məhsullar immuniteti gücləndirir, öskürəyi kəsir](/files/2023/3/1200x630/16939118905268160877_1200x630.jpg)
Gəncə, 5 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Hazırda regionlarda üzüm bağlarında yığım mövsümüdür. Mütəxəssislər bu il məhsulun bol olacağını proqnozlaşdırırlar. Üzüm insanların sevdiyi giləmeyvə olmaqla yanaşı, müalicəvi xüsusiyyətlərinə görə də fərqlənir. Şirin giləmeyvə sayılan üzümün tərkibində təbii şəkər, daha çox isə qlükoza və fruktoza var. Üzümün şirəsinin tərkibində çoxlu dəmir var. Üzüm şirəsi ürək-damar, qaraciyər və böyrək xəstəliklərində istifadə olunur.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə Dövlət Aqrar Universitetinin dosenti Sevil Abduləliyeva deyib.
Mütəxəssis, həmçinin sentyabrda üzümdən alkoqolsuz məhsullar - şirə, bəkməz, mürəbbə, marinad, kompot, pavidla və s. hazırlandığını bildirərək, bunların orqanizm üçün çox faydalı olduğunu söyləyib. “Xüsusilə bəkməz immuniteti gücləndirir, iltihabın qarşısını alır, qaraciyəri, qan təzyiqini tənzimləyir, öskürəyi kəsir. Bitki südü hesab edilən üzüm şirəsi qan yaradıcı və antioksidant xüsusiyyətləri ilə yanaşı, orqanizmin ürək və damar xəstəliklərindən qorunmasına da yardımçı olur”, - deyə o qeyd edib.
Üzüm və üzüm şirəsi ilə müalicə olunduqda yağlı ət, süd, spirtli, mineral və s. içkilər qəbul etmək olmaz. Üzüm piylənmədə, şəkərli diabetdə, mədə və onikibarmaq bağırsaq yarası xəstəliklərində, ishalda və xroniki faringitdə məsləhət görülmür.