“VANDALİZM: TARİXİ ADLARA QARŞI SOYQIRIMI”
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Yaqub Mahmudov, tədqiqatçı alim, kitabın tərtibçisi Nazim Mustafa və başqaları çıxış edərək, erməni terrorizminin dəhşətlərindən danışmış, Ermənistanın təcavüzkarlıq siyasətindən hələ də əl çəkmədiyini vurğulamış, bu barədə dünya ictimaiyyətinə daha geniş məlumatlar çatdırılmasının vacibliyini vurğulamışdır.
Qeyd olunmuşdur ki, tarixi reallığa və ilk mənbələrin təsdiq etdiyi həqiqətlərə görə 1918–ci ilədək Cənubi Qafqaz ərazisində heç bir erməni dövləti olmamışdır. İndiki Ermənistanda azərbaycanlılara məxsus yaşayış məntəqələrinin adlarının və digər toponimlərin dəyişdirilməsi prosesinə ilk dəfə 1919-cu ildə Ermənistan Respublikası hökumətinin qərarı ilə başlanılmışdır. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra, 1935-ci ilədək orada 190-dan artıq azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilmişdir. Sonrakı dövrlərdə tarixi adların dəyişdirilməsi prosesi kütləvi hal almışdır.
Kitabda məlumat verilir ki, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanlarına əsasən, Qərbi Azərbaycanda (indiki Ermənistanda) 1918- 1987–ci illərdə azərbaycanlılara aid yer adları yaşayış məntəqələri siyahısından silinmişdir. Müəllif bu kəndlərin siyahısını, inqilabdan əvvəl və sovetləşmədən sonra Ermənistan SSR–də dəyişdirilmiş yaşayış məskənlərinin adlarını, 1976–cı ilə qədər Ermənistan SSR-də dəyişdirilmiş adların əlifba siyahısını oxucuların diqqətinə çatdırmışdır.