Vaqif Sadıqov: “Sabah”ın Finlandiya klubunu keçmək üçün kifayət qədər potensialı var
Bakı, 15 iyul, AZƏRTAC
“Sabah” hər iki oyunda rəqibindən qat-qat üstün oyun nümayiş etdirərək böyük potensiala malik komanda olduğunu göstərdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin TNS klubunu iki görüşün nəticəsinə əsasən, 4:1 hesabı ilə məğlub edərək növbəti raunda yüksələn “Sabah” komandası barədə danışarkən deyib.
Bakı təmsilçisinin çıxışını yüksək qiymətləndirən mütəxəssis komandanın turnirə iddialı başladığını bildirib: “Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında debüt etməsinə baxmayaraq, “Sabah” ilk oyundan etibarən iddialı olduğunu və qarşısına böyük hədəflər qoyduğunu sübut etdi. İndi bizə düşən komandanı növbəti mərhələlərdə də dəstəkləmək və yeni uğurlar arzulamaqdır. Hesab edirəm ki, II təsnifat mərhələsində qarşılaşacaqları Finlandiyanın KuPS klubu keçilməsi mümkün olan rəqibdir. “Sabah”ın bu səddi adlamaq üçün kifayət qədər potensialı var”.
O, komandanın hər iki oyunda qol epizodlarını dəyərləndirməkdə çətinlik çəkməsinə də münasibət bildirib: “Bunu ilk növbədə həyəcan və məsuliyyətlə əlaqələndirmək olar. Komanda ölkə çempionu kimi bu mötəbər turnirdə Azərbaycanı təmsil etməyin məsuliyyətini daşıyır. Belə oyunlarda həyəcanı tamamilə kənara qoymaq mümkün deyil. Bununla yanaşı, sevindirici məqam odur ki, “Sabah” hər iki görüşdə kifayət qədər qol vəziyyəti yaratdı. Bu isə komandanın hücum potensialının yüksək olduğunu göstərir. Unutmayaq ki, “Sabah” oyundan-oyuna inkişaf edir, daha keyfiyyətli futbol nümayiş etdirir. Ən vacibi isə odur ki, komanda hər iki matçda üstün oyun sərgiləyərək gücünü ortaya qoydu”.
Qeyd edək ki, “Sabah” II təsnifat mərhələsində KuPS ilə ilk oyununu iyulun 21-də evdə, cavab qarşılaşmasını isə ayın 28-də səfərdə keçirəcək.