Vaşinqtonda təyyarə qəzasında həlak olmuş fiqurlu konkisürənlərin xatirəsi yad edilib
Bakı, 5 mart, AZƏRTAC
Vaşinqtonda təyyarə qəzasında həlak olmuş fiqurlu konkisürənlərin xatirəsi yad edilib.
AZƏRTAC xəbər verir ki, fiqurlu konkisürənlərin həlak olmuş həmkarlarının xatirəsinə həsr olunmuş “Show Legacy on Ice” adlı anım tamaşası 15 mindən çox tamaşaçı toplayıb.
Xatırladaq ki, bu yaxınlarda ABŞ-da baş vermiş təyyarə qəzası 67 nəfərin, o cümlədən 28 idmançı, məşqçi və onların yaxınlarının həyatına son qoyub.
Tədbirdə səkkizqat Olimpiya mükafatçıları da daxil olmaqla, ABŞ Milli Komandasının 40-dan çox hazırkı və keçmiş fiqurlu konkisürəni iştirak edib. Onun xüsusi təsir bağışlayan məqamı valideynlərini - konkisürmə üzrə dünya çempionları Vadim Naumov və Yevgeniya Şişkovanı qəzada itirən 23 yaşlı Maksim Naumovun çıxışı olub. İdmançı valideynlərinin tez-tez dinlədiyi rusiyalı bəstəkar İqor Kornelyukun “Qorod kotoroqo net” mahnısının müşayiəti ilə hazırladığı rəqsi təqdim edib.
Tamaşa həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb və idman arenasında yanan şamların simvolik təsvirindən istifadə edilib. Qəza qurbanlarının xatirəsinə arenanın kənarlarına 67 ulduz çəkilib. Bilet satışından əldə olunan gəlir qurbanların ailələrinə yardım fonduna köçürüləcək.
Kədərli rəqsin sonunda Maksim Naumov diz çökərək göz yaşlarına boğulub və bu, “Capital One Arena”da olan hər kəsin emosional reaksiyasına səbəb olub.