Vəli Qasımov: “El-Klasiko” əsl final oyununu xatırladırdı
Bakı, 26 oktyabr, AZƏRTAC
İspaniya çempionatının son turunda “Real Madrid” və “Barselona” arasında keçirilən “El-Klasiko” olduqca maraqlı və baxımlı alındı. Hər iki komanda yüksəksəviyyəli futbol nümayiş etdirdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında vaxtilə İspaniya çempionatında oynamış veteran futbolçu Vəli Qasımov La Liqanın X turunda “Real Madrid”in “Barselona” üzərində qazandığı 2:1 hesablı qələbəni şərh edərkən deyib.
O, Kataloniya təmsilçisinin məğlubiyyətinin gözlənilməz olduğunu bildirib: “Barselona”da çox istedadlı və güclü futbolçular var. Açığı, indiki vəziyyətdə “Real Madrid”in qalib gələcəyinə inanmırdım. Lakin Madrid təmsilçisi xüsusilə ilk hissədə çox yaxşı çıxış etdi, qol vurdu və yekunda qələbə qazanmağı bacardı”.
Veteran futbolçunun sözlərinə görə, qarşılaşmanın ikinci hissəsində “Barselona” rəqibinə ciddi təzyiq göstərib: “Ev sahibləri rəqibi meydanın onlara aid hissəsinə sıxışdırmışdı. Buna baxmayaraq, Madrid klubu rəqibin hücumlarının qarşısını almağı bacardı. Hətta oyunun sonlarında “Real Madrid”in üçüncü qolu vurmaq imkanı da var idi”.
Vəli Qasımov matçın gərgin və yüksək tempdə keçdiyini vurğulayıb: “Oyun əsl final qarşılaşmasını xatırladırdı. Çox maraqlı və ağıllı futbol izlədik. Mən həmişə “Real Madrid”ə azarkeşlik etmişəm. Düzdür, “Barselona”nın futbolçuları hazırda daha güclü görünə bilərlər. Amma “Real Madrid” rəqibin əsas oyunçularını zərərsizləşdirməyi bacardı. Xüsusilə Lamin Yamala sərbəst oynamaq imkanı vermədilər”.
Qeyd edək ki, məğlubiyyətə baxmayaraq “Barselona” 27 xalla turnir cədvəlinə başçılıq edir. Liderdən 3 xal az toplayan “Real Madrid” isə 3-cü pillədə qərarlaşıb.
Müxbir-Mikayıl Məmmədov