Vəli Qasımov: Şamaxıda futbola maraq artıb
Şamaxı, 21 aprel, AZƏRTAC
Üç aydan çoxdur Şamaxıdayam. Burada ən populyar idman növü güləş olsa da, son vaxtlar futbola maraq artıb. Hər məşqə 5-6 yeni uşaq gəlir. Artıq 150-dən çox uşaq var.
AZƏRTAC xəbər verir ki, bu sözləri Şamaxı futbol məktəbinin əlaqələndiricisi, veteran oyunçu Vəli Qasımov aprelin 21-də jurnalistlərə müsahibəsində deyib.
V.Qasımov bildirib ki, burada 5 yaşından 13 yaşadək uşaqlar var. Hələlik onlar yaş qruplarına bölünməyib. Hazırda futbola marağın artırılması üçün tədbirlər görülür və bunun da nəticəsində məşqlərə çoxlu uşaq gəlir.
Əsas məqsədin futbola marağı artırmaq olduğunu bildirən veteran futbolçu deyib ki, hamı gəlib oyunlara baxmaq istəyir. Növbəti matçda da stadion dolacaq. Əhali futbolu çox sevir.
“Ailəm Bakıdadır və imkan olanda buraya gəlirlər. Mən isə burada qalıram. Əsas işim buradadır və demək olar ki, bütün günümü Şamaxıda keçirirəm. Hazırda 4 məşqçi və 1 inzibatçımız var. Məşqçilərin hamısı yerli mütəxəssisdir, D kateqoriyaları var. Gələcəkdə daha yüksək kateqoriya almaq üçün təlimlərə davam edəcəklər”, - deyə V.Qasımov vurğulayıb.