Venesiya şəhərinə birgünlük səfər edən turistlərdən 50 avro ödəniş tələb oluna bilər
Paris, 22 iyun, AZƏRTAC
Turist sıxlığının qarşısının alınması məqsədilə Venesiya bələdiyyəsi şəhərə birgünlük səfər edən turistlər üçün giriş haqqını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Hazırda müəyyən dövrlərdə 5-10 avro arasında dəyişən bu ödəniş gələcəkdə son anda alınan biletlər üçün 50 avroya çata bilər.
AZƏRTAC xəbər verir ki, 2025-ci ildə təxminən 30 milyon turistin ziyarət etdiyi Venesiyada iki ildir ki, ziyarətçilərdən giriş haqqı alınır.
İlin ən sıx 60 günü tətbiq olunan bu sistem ötən il şəhər büdcəsinə 5,5 milyon avro qazandırsa da, turist sayında nəzərəçarpacaq azalma yaratmayıb.
Şəhər büdcəsi üzrə məsul şəxs Mişel Zuin bildirib ki, giriş haqqının aşağı olması gözlənilən təsiri göstərməyib. Onun sözlərinə görə, turistlərin sayı azalmayıb, lakin digər şəhərlərdə olduğu kimi artım da müşahidə olunmayıb. Buna görə, bələdiyyə şəhərdə gecələmədən və ya restoranlarda vaxt keçirmədən yalnız bir neçə saatlıq səfər edən turistləri çəkindirmək üçün tarifləri artırmağı düşünür. Təklifə əsasən, əvvəlcədən alınan bilet 30 avro, son anda alınan bilet isə 50 avro olacaq.
Sakinləri təmsil edən “Venessia.com” assosiasiyasının nümayəndəsi Matteo Sekki bu təşəbbüsün azgəlirli ailələr üçün problemlər yaradacağını düşünür. Onun sözlərinə görə, dördnəfərlik ailənin şəhərə daxil olması 200 avroya başa gəlir ki, bu da insanların restoran və suvenir mağazalarında xərclərini azaltmasına səbəb olacaq.
Bələdiyyə, həmçinin ən sıx günlərdə tez-tez şəhərə gəlib-gedən şəxsləri də məhdudlaşdırmağı nəzərdən keçirir. Hazırda giriş haqqından azad olan Venesiya bölgəsinin sakinləri də gələcəkdə bu ödənişə cəlb oluna bilər. Lakin hüquqşünaslar bir İtaliya vətəndaşından öz ölkəsində sərbəst hərəkət etmək üçün 50 avro tələb olunmasının hüquqi baxımdan mübahisəli olduğunu vurğulayırlar.