Vətən Müharibəsi Qəhrəmanı Cavid Mahmudova həsr olunan anım tədbiri keçirilib
Bakı, 21 fevral, AZƏRTAC
Fevralın 21-də Azərbaycan Hərb Tarixi Muzeyində Vətən Müharibəsi Qəhrəmanı, kapitan Cavid Mahmudovun anadan olmasının 35 illiyinə həsr edilmiş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, anım tədbirində şəhid qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, Vətən müharibəsi iştirakçıları, I Qarabağ müharibəsi qaziləri, Qarabağ Qazilər İctimai Birliyinin sədr müavini Ədalət Məhərrəmov, Müdafiə Nazirliyinin idarə və müəssisələrinin əməkdaşları iştirak edib.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə tədbirdə çıxış edərək Cavid Mahmudovun qəhrəmanlığı və döyüş yolundan bəhs edib.
O bildirib ki, şəhidlik ata-babalarımızdan bizə miras qalan torpağı qorumaq deməkdir. Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Mərd, igid oğulları olan xalq namərdə baş əymir, bir qüvvə olub düşmən üzərində qələbələr qazanır. Bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycanda belə vətənpərvər oğullar minlərlədir. Torpaq uğrunda canından keçməyə hazır olan və 44 günlük Vətən müharibəsində ölümün gözünə dik baxan oğullardan biri də Silahlı Qüvvələrimizin zabiti, kapitan Cavid Hilal oğlu Mahmudovdur. Əgər şəhid olmasaydı, bu günlərdə ailəsi ilə birlikdə 35 yaşını qeyd edəcəkdik.
Hazırda biz onu bütövlükdə Azərbaycan xalqının cəsur övladı kimi yad edirik. Şanlı Qələbəni bizə yaşadanlardan biri - Vətən Müharibəsi Qəhrəmanı Cavid Mahmudov 1989-cu il fevralın 6-da Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. Dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Biləsuvar Rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbinə Vətən Müharibəsi Qəhrəmanı Cavid Mahmudovun adı verilib.
“Bu gün iftixar hissi ilə deyə bilərik ki, kapitan Cavid Mahmudovun şəhidlik zirvəsinə yüksəldiyi torpaqlarımız tam azaddır. Azərbaycan xalqı və dövləti düşmən üzərində parlaq, inamlı Qələbə qazanmaqla gücünü dünyaya nümayiş etdirdi və Ermənistanı kapitulyasiya aktını imzalatmağı bacardı. Ötən hər gün bizi həmin hadisələrdən zaman etibarilə uzaqlaşdırsa da, hərbçilərimizin şücaəti, canı, qanı bahasına qazanılan həmin qələbələr Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılıb. Bu tarixi Zəfərə görə xalqımız Cavid Mahmudov kimi qəhrəman oğullarına minnətdardır. Özlərinə əbədiyyət heykəli ucaldaraq şəhid adını qazanan igid oğullarımız xalqımızın qəhrəmanlıq tarixində həmişə yaşayacaq və xatırlanacaq", - deyə Əzizağa Qəni-zadə vurğulayıb.
Qeyd edək ki, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda canından keçmiş şəhid C.Mahmudovun döyüşlərdə göstərdiyi igidlik dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. Düşmənin məhv edilməsi üzrə qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlığa görə Prezident, Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 9 dekabr tarixli Sərəncamına əsasən Cavid Mahmudov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı", "Füzülinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.
Düşmənin Füzuli, Cəbrayıl rayonları istiqamətində alınmaz hesab etdiyi yüksəkliklərdə bayrağımızı dalğalandırıb. Ağır döyüşlərin birində cəsur Azərbaycan zabiti düşmən snayperi tərəfindən vurularaq qəhrəmancasına şəhid olub.
Sonda şəhid kapitana həsr olunan hərbi-vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.